EN

Aleksandar Pavloviç əməliyyat edildi

Almaniya çempionu “Bayern”in serb əsilli almaniyalı dayaq yarımmüdafiəçisi Aleksandar Pavloviç əməliyyat edilib.

Arena.az xəbər verir ki, bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı yarımmüdafiəçi göz yuvasındakı problem səbəbindən cərrahi müdaxiləyə ehtiyac duyub. Pavloviç məşq zamanı zədə alıb. Oyunçunun bərpa müddəti açıqlanmayıb.

Aleksandar Pavloviç serbəsillidir. Futbolda ilk addımlarını “Fürstenfeldbruk” klubunda atmış Pavloviç buradan “Bayern”in futbol akademiyasına yol taparaq, tərəqqisinə davam edib. “Bayern” 2023-cü ilin noyabrında “dayaqçı”sını əsas komandaya keçirib. Pavloviçin “Bayern”lə müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2024/2025-ci illər mövsümündə Pavloviç “Bayern”in heyətində bütün yarışlarda 33 oyuna 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib. Pavloviçin Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi isə 55 oyun, 3 qol və 3 məhsular ötürmədən ibarətdir.

Aleksandar Pavloviç 2024-cü ilin iyununda debüt etidiyi Almaniya yığmasının heyətində 5 oyun keçirib, 1 qol vurub.

Pavloviçin qənimətlər muzeyində “Bayern”lə qazandığı Almaniya Bundesliqasının iki çempionluğu (2022/2023, 2024/2025) var.

“Transfermarkt” internet-portalı 21 yaşlı almaniyalı dayaq yarımmüdafiəçisinin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Chosen
99
arena.az

1Sources