ain.az, futbolpress-az portalına istinadən məlumat yayır.
Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun formasını geyindiyi “Arda” Konfrans Liqasında III təsnifat mərhələsinə yüksəlib. Bolqarıstan təmsilçisi II təsnifatda Finlandiya HİK-ini mübarizədən kənarlaşdırıb.
Hüseynov finlərə qarşı keçirilən cavab oyununda start heyətdə meydana çıxıb və sona qədər oynayıb. Müdafiəçi “Futbolpress.az“a açıqlamasında görüşü şərh etdi:
“Həqiqətən, əla hisslərdir. Komandamız çox əziyyət çəkdi. Rəqibimiz güclü idi və çətin olacağını bilirdik. Səfərə qələbə üçün gəlmişdik və ağır oyun olsa da, bunu bacardıq. Hesabda geri düşdüyümüz anlarda təslim olmadıq və möhtəşəm mübarizə apardıq. Çox həyəcanlı oyun oldu”.
“Arda” növbəti mərhələdə Litvanın “Kaunas” komandası ilə qarşılaşacaq. Cəlal şansları dəyərləndirdi:
“Hazırda rəqiblə bağlı çox məlumatımız yoxdur. Avropada asan rəqib yoxdur. Əlimizdə şans var ki, səviyyəmizə uyğun rəqibdir. Pley-offa yüksəlmək möhtəşəm olardı”.
Bolqarıstan çempionatında çıxış edən “Levski” klubu Konfrans Liqasının III təsnifat mərhələsində “Sabah”a rəqib olub. Hüseynov Sofiya təmsilçisini yaxşı tanıdığını və onların yaxşı keyfiyyətə sahib olduğunu bildirdi:
“Levski” Bolqarıstanda çox böyük tarixə malik olan komandadır. Avrokuboklarda kifayət qədər təcrübələri var. Güclü komandadır. “Levski” “Sabah” üçün çətin rəqibdir. Eyni zamanda “Sabah” da “Levski” üçün çətindir. Sofiya təmsilçisinin yaxşı azarkeşləri də var. Kim güclüdürsə, o qələbə qazansın”.
Azərbaycanlı futbolçu cütün favoritini açıqladı:
“Futboldur, nəsə demək olmur. Ümumi götürəndə, ilk matçın Bolqarıstanda olmağını nəzərə alsaq, böyük azarkeş dəstəyi olacaq. Ona görə “Levski”nin bir addım öndə olduğunu düşünürəm”.
Şahin Cəfərov
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.