EN

Avropa İttifaqının avtoritar meyillərə yuvarlanması qlobal azadlıqlar üçün nümunə deyil - ŞƏRH

Bakı, 2 avqust, AZƏRTAC

Avropa İttifaqının (Aİ) söz azadlığı ilə bağlı atdığı son addımlar təkcə qitə daxilində deyil, beynəlxalq müstəvidə də ciddi narahatlıq doğurur. Aİ-də demokratiya adı ilə senzura mexanizmləri qurmaq tendensiyası güclənməkdədir. Xüsusilə “Rəqəmsal Xidmətlər Aktı” çərçivəsində sosial şəbəkələrə tətbiq edilən nəzarət tənqid hədəfinə çevrilib. ABŞ rəsmiləri açıq şəkildə Aİ-ni söz azadlığına zərbə vurmaqda ittiham edirlər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov söyləyib.

O bildirib ki, qlobal texnologiya şirkətləri də Avropanın bu kursunun nəticələrindən narahatdır. “Meta”, “Google”, “X” kimi platformalar üçün Avropa bazarı daralmağa başlayıb. Çünki təkcə dezinformasiyaya qarşı mübarizə adı altında yox, eyni zamanda, siyasi fikirlərə də filtr tətbiq olunur. Brüsselin ritorikasında “sabitlik” və “etik məsuliyyət” kimi anlayışlar önə çəkilsə də, reallıqda vəziyyət fərqlidir.

“Avropa İttifaqı ölkələrində hökumətlərin tənqid olunması getdikcə çətinləşir. Nifrət nitqi ilə fərqli düşüncə arasında sərhəd bulanıqlaşdırılır. Ənənəvi media orqanlarına üstünlük verilərkən, alternativ platformalar susdurulur. Bu isə medianın müstəqilliyinə açıq müdaxilədir. Ən təhlükəli məqam odur ki, qərarverici mexanizmlər texnologiya şirkətlərinə deyil, bürokratik Avropa qurumlarına həvalə olunub. Bu, internetin və sosial medianın dövlət nəzarətinə keçməsi deməkdir. Əslində isə Avropa öz daxilində “yeni senzura nizamı” qurur. Azad cəmiyyətlər üçün bu, ciddi təhlükə siqnalıdır. Qərb uzun illər başqa ölkələri söz və ifadə azadlığına hörmət etməyə çağırsa da, indi öz daxilində əks istiqamətdə hərəkət edir. Avropa İttifaqının getdikcə avtoritar meyillərə yuvarlanması qlobal azadlıqlar üçün nümunə deyil, xəbərdarlıqdır", - deyə T.İsmayılov vurğulayıb.

Siyasi şərhçinin sözlərinə görə, rəqəmsal suverenlik adı ilə platformalara qarşı tətbiq edilən texnoloji sanksiyalar istənilən zaman siyasi rəqiblərə qarşı da istifadə oluna bilər. “Dezinformasiya” anlayışı geniş və qeyri-müəyyəndir, istənilən fikir bu çərçivəyə salına bilər. Bu isə “demokratiya maskasında diktatura” təəssüratı yaradır.

“Avropa məhz bu ikili standartlar səbəbilə beynəlxalq etimadını itirmək üzrədir. ABŞ və digər dövlətlərin narazılığı da bu kontekstdə tam əsaslıdır. Qlobal miqyasda qəbul edilmiş söz azadlığı prinsiplərinin pozulması, Avropa İttifaqının demokratik simasına ciddi kölgə salır.

Demokratiya yalnız idarəetmə forması deyil, həm də dəyərlər sistemidir. Bu dəyərləri qorumaq üçün avropalıların əvvəlcə öz senzura siyasətinə yenidən baxması zəruridir.

Unutmaq olmaz: söz azadlığı məhdudlaşdırıldığı anda demokratiya artıq nominal anlayışa çevrilir. Bugünkü Avropa isə məhz bu təhlükəli nöqtəyə doğru irəliləyir”, - deyə Tural İsmayılov əlavə edib.

 

Chosen
18
1
azertag.az

2Sources