Avqustun 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) abituriyentlər və valideynlər üçün “Açıq qapı günü” təşkil olunub. Tədbirdə universitetin rektoru, dosent Rüfət Əzizov, fakültə dekanları, struktur bölmə rəhbərləri, gələcək tələbələr və onların valideynləri iştirak ediblər.
AzEdu.az xəbər verir ki, tədbirin açılışında çıxış edən rektor Rüfət Əzizov tələbə adını qazanan abituriyentləri və onların valideynlərini təbrik edib. O, ADNSU-da formalaşdırılmış müasir tədris infrastrukturu, beynəlxalq əməkdaşlıq proqramları və universitetin elmi nailiyyətləri barədə məlumat verib.
Rektor vurğulayıb ki, bu günə qədər ADNSU 150 mindən çox məzun yetişdirib və həmin məzunlar yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində, sənayenin müxtəlif sahələrinin inkişafında, xüsusilə neft sənayesində mühüm rol oynayıblar. “Bu gün də universitetimizin hazırladığı ixtisaslı kadrlara ciddi ehtiyac var. Əsas məqsədimiz – dövlətimiz və xalqımız üçün peşəkar mütəxəssislər yetişdirmək, gənclərə yüksək keyfiyyətli təhsil təqdim etməkdir”, – deyə Rüfət Əzizov əlavə edib.
O, həmçinin ADNSU-da həyata keçirilən ikili diplom proqramları, beynəlxalq elmi jurnallarda dərc olunan məqalələr, universitetin beynəlxalq reytinqlərdə əldə etdiyi uğurlar və tədris prosesində tətbiq olunan innovativ metodlar haqqında da ətraflı məlumat verib.
Tədbir zamanı universitet haqqında videomaterial nümayiş olunub və iştirakçılar tərəfindən maraqla qarşılanıb. Daha sonra ADNSU rektorunun sosial məsələlər üzrə müşaviri Nəsibə Əmirbəyova çıxış edərək fakültələr və tədris olunan ixtisaslar barədə ətraflı məlumat verib. O qeyd edib ki, universitetdə tələbələrin keyfiyyətli təhsil alması üçün bütün zəruri şərait yaradılıb. Eyni zamanda tələbələrin İT və xarici dil biliklərinin inkişafı, asudə vaxtlarının səmərəli təşkili və sosial fəaliyyətlərə cəlb olunması ADNSU-nun əsas prioritetlərindəndir.