EN

“18-20 yaşında qurulan nikahlar bir neçə ilə dağılır” – Evlilik üçün ideal yaş təklifi

Azərbaycanda erkən nikahların qarşısını almaq məqsədilə son illərdə mühüm qanuni dəyişikliklər edilib. Lakin mövcud reallıq göstərir ki, bu addımlar problemin tam həllinə kifayət etmir. Hələ də bəzi bölgələrdə, hətta paytaxtda belə gənc qızların erkən yaşda ərə verilməsi halları müşahidə olunur.

Ölkə.az xəbər verir ki, yazıçı-kulturoloq Aydın xan Əbilov Musavat.com-a açıqlamasında bildirib ki, nikah yaşının 18-ə qaldırılması kifayət deyil. Onun fikrincə, gənclər ailə həyatına həm psixoloji, həm iqtisadi, həm də sosial baxımdan hazır olduqda, yəni ən azı 25 yaşında ailə qurmalıdırlar.

“Azərbaycanda erkən nikahların qarşısını almaq üçün son illərdə qanunvericiliyə mühüm dəyişikliklər edilib. Artıq evlilik yaşı 18 olaraq təsbit olunub, istisna hallarda isə yalnız müvafiq dövlət qurumlarının razılığı ilə qızlar 17, oğlanlar isə 18 yaşında evlənə bilirlər. Bununla belə, hələ də bəzi hallarda, xüsusilə maddi maraqlar naminə vəzifəli şəxslərin göz yumması, rüşvət halları səbəbindən erkən nikahlar baş verir. Bu isə həm Bakıda, həm də bölgələrdə müşahidə olunan acı bir reallıqdır.

18 yaşında gənclər hələ həyata tam hazır olmurlar. Oğlanlar bu yaşdan sonra ali təhsil alır, əsgəri xidmətə gedirlər. Qızlar isə gələcək ailə həyatına psixoloji və sosial baxımdan hazırlaşmalıdırlar. Sovet dövründə ağsaqqal, ağbirçək, yengə kimi institutlar ailə həyatına hazırlıqda mühüm rol oynayırdı. İndi isə bu missiyanı ailə psixoloqları və ailə mərkəzləri yerinə yetirməlidir. Gənclərin ailə həyatına hazırlığı üçün xüsusi proqramlar olmalıdır: ailə münasibətləri psixologiyası, sağlam qidalanma, tibbi-gigiyenik biliklər, uşaq tərbiyəsi, ailədaxili ünsiyyət və s. mövzular üzrə kurslar keçirilməlidir. Ən optimal yaş 25-dir. Bu yaşa qədər həm təhsil başa çatır, həm də gənc insan həyat təcrübəsi qazanır, iqtisadi və psixoloji baxımdan yetkinləşir. 25 yaşdan sonra qurulan ailələr daha möhkəm olur və boşanma halları da az müşahidə edilir” - deyə Əbilov qeyd edir.

O, həmçinin vurğulayıb ki, Azərbaycanda boşanmaların əsas səbəblərindən biri də gənclərin məsuliyyət hissinin zəif olmasıdır:

"Təəssüf ki, 18–20 yaşında sevgi və hissiyyat üzərində qurulan nikahların əksəriyyəti bir neçə ilə dağılır. Nəticədə həm boşanmalar, həm də subay qalanların sayı artır. Artıq ölkəmizdə 30–40 yaş arasında çoxlu subay və dul insanlar var. Bu da sosial problemə çevrilir. Dövlət həm maddi, həm də mənəvi dəstək göstərməli, ailə institutunun möhkəmlənməsi üçün yeni mexanizmlər tətbiq etməlidir. Modern və möhkəm Azərbaycan ailəsi yaratmaq üçün bu vacibdir. Əks halda, erkən nikahlar, məsuliyyətsizlik və boşanmalar ölkəmizdə ailə institutunu daha da zəiflədəcək”.

Chosen
15
1
olke.az

2Sources