EN

Mərkəzi Bank kredit kartı ilə borclanmanı məhdudlaşdırdı Ekspert qərarı şərh edir

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Mərkəzi Bankı istehlak kreditləri sahəsində yeni requlyativ addım ataraq kredit kartı ilə borclanmanı məhdudlaşdırıb. Yenilənmiş qaydalara əsasən, vətəndaşların kredit kartları üzrə borclanması onların vergilərdən sonrakı xalis gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılır. Həmçinin bu limit, borcalanın digər maliyyə təşkilatlarına olan mövcud öhdəlikləri də nəzərə alınmaqla hesablanacaq.

Mərkəzi Bank qərarı izah edərkən vurğulayıb ki, bu dəyişiklik borclanmanın daha sağlam və məsuliyyətli aparılmasını hədəfləyir. Qurumun rəsmi açıqlamasına görə, bu addım əhalinin izafi borclanmasının qarşısını almağa yönəlib. MB əlavə edib ki, son dövrlərdə istehlak krediti seqmentində kredit kartları üzrə sürətli artım müşahidə olunur.

Lakin iqtisadçı ekspert Samir Əliyev Mərkəzi Bankın bu yanaşmasını şübhə altına alır və qurumun təqdim etdiyi arqumentlərin statistik mənzərə ilə tam uyğun gəlmədiyini bildirir.

Ekspert qeyd edib ki, kredit kartları ilə verilmiş kreditlərin ümumi həcmi 2024-cü ilin ilk yarısında yalnız 3,2% artıb. Hətta bu artıma baxmayaraq, son ayda azalma müşahidə olunub – belə ki, may-iyun aylarında kredit kartı ilə verilmiş kreditlərin həcmi 1,42 milyard manatdan 1,39 milyard manata enib.

Samir Əliyev əlavə edib ki, bu azalma təkcə kredit həcmi ilə məhdudlaşmır. Kredit kartlarının sayı da azalıb – ilin əvvəlində 2 milyon 256 min olan kart sayı iyunun sonuna 2 milyon 118 minə düşüb. Ümumi ödəniş kartları arasında kredit kartlarının payı isə 11,3%-dən 10,3%-ə enib.

Ekspert vurğulayıb ki, əməliyyatların statistikası da bu azalan tendensiyanı təsdiqləyir. Kredit kartları üzrə əməliyyatların sayı 14 milyondan 13,8 milyona, əməliyyatların ümumi həcmi isə 893 milyon manatdan 800 milyon manata düşüb.

“Bu göstəricilər kredit kartlarına əvvəlki marağın azaldığını açıq şəkildə göstərir,” – deyə Samir Əliyev bildirib.

O, Mərkəzi Bankın “kredit kartlarının yüksək artım dinamikası müşahidə edilir” tezisini də nisbi hesab edir. Samir Əliyev deyib ki, əgər bu ilin ilk yarısında ev təsərrüfatlarına verilmiş ümumi istehlak kreditləri 4,8% artıbsa, kredit kartı ilə verilən kreditlər cəmi 3,2% artım göstərib. Ümumi istehlak kreditlərində kredit kartlarının payı isə 8,1%-ə düşüb – halbuki bu göstərici 2024-cü ildə 8,2%, 2022-ci ildən bu yana isə ən aşağı səviyyədə olub.

Ekspertin fikrincə, bəzi ziqzaqlara baxmayaraq ümumi tendensiya kredit kartlarına marağın azalması istiqamətindədir və belə bir şəraitdə şərtlərin sərtləşdirilməsinin məqsədəuyğunluğu sual doğurur.

Samir Əliyev təklif edib ki, Mərkəzi Bank diqqətini daha çox istehlakçı hüquqlarının qorunmasına yönəltsin. O, bildirib ki, müştərinin xəbəri və razılığı olmadan əməkhaqqı kartından kredit kartı üzrə borcun avtomatik silinməsi təcrübəsinə son qoyulmalıdır.

“Eyni zamanda, kredit kartı üzrə gecikmə baş verdiyi andan başlayaraq müştərilərə hər gün zəng olunması və onların psixoloji təzyiqə məruz qalması praktikası dayandırılmalıdır,” – deyə iqtisadçı vurğulayıb.

Rasim Əliyev

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
25
azpolitika.info

1Sources