EN

Azərbaycanın fiskal siyasətində dayanıqlılıq və stimullaşdırıcı yanaşma - ŞƏRH

2025 və 2026-cı illərdə Azərbaycanın fiskal siyasətində gözlənilən əsas trayektoriya iqtisadi artımın dəstəklənməsi və makroiqtisadi sabitliyin qorunması olacaq. Bu barədə “Fitch Group”a daxil olan “Fitch Solutions”un son ölkə təhlilində təqdim olunan proqnozda bildirilir. Hesabatda vurğulanır ki, bu dövrdə dövlətin xərcləri əsasən infrastruktur və sosial sahələrə yönəldiləcək, bu isə daxili tələbatın stimullaşdırılması baxımından mühüm əhəmiyyət daşıyacaq.

“Fitch Solutions”un qiymətləndirməsinə görə, Azərbaycanda büdcə siyasətinin yaxın iki ildə çevik şəkildə tənzimlənməsi həm iqtisadi artım tempini qoruyacaq, həm də sabit maliyyə mühiti yaradacaq. Əldə olunan rəqəmlərə əsasən, 2025 və 2026-cı illərdə büdcə kəsirinin ÜDM-ə nisbəti orta hesabla 1,1 faiz səviyyəsində proqnozlaşdırılır. Bu, qlobal standartlara görə idarəolunan və nisbətən aşağı səviyyə hesab olunur. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan 2021-ci ildən bəri ardıcıl olaraq büdcə profisiti (yəni, büdcə gəlirlərinin xərcləri üstələməsi) ilə fəaliyyət göstərib, bu fakt həm idarəetmə çevikliyinin, həm də fiskal dayanıqlığın əlamətidir. Lakin növbəti dövrlərdə gözlənilən kəsir əsasən neft gəlirlərindəki nisbi azalmalarla izah olunur. Bu da bir daha göstərir ki, neft bazarındakı dəyişkənlik Azərbaycanın maliyyə balansında hələ də mühüm rol oynayır.

Büdcə dayanıqlığının təminatında Dövlət Neft Fondu əsas dəstək mexanizmi olaraq çıxış edir. 2025-ci ildə fondun aktivlərinin dəyərinin 106,6 milyard manat və ya 62,7 milyard ABŞ dolları təşkil edəcəyi proqnozlaşdırılır. Bu, təxminən ölkənin ümumi daxili məhsulunun 62 faizi qədərdir ki, bu göstərici beynəlxalq müqayisədə də yüksək təhlükəsizlik yastığı hesab olunur. Hökumətin cari ildə fond vasitəsilə büdcəyə 14,5 milyard manat həcmində vəsait transferi planlaşdırması bir tərəfdən cari xərclərin davamlı şəkildə maliyyələşdirilməsini təmin edir, digər tərəfdən isə mövcud ehtiyatların effektiv istifadə mexanizmini işə salır. Bu, xüsusən qeyri-müəyyən xarici şoklar fonunda mühüm əhəmiyyət daşıyır.

Qeyd olunmalıdır ki, Neft Fondu vasitəsilə büdcəyə yönələn vəsaitlər hələ ki dayanıqlı hesab edilir. Fondun son 20 ildə illik orta artım tempi təxminən 3 faiz civarındadır ki, bu da onun sərmayə strategiyasının ümumilikdə səmərəli olduğunu göstərir. Lakin burada sistem xarakterli risklər də diqqətdən kənarda qalmamalıdır. Məhz həmin risklərin başlıcası Azərbaycanın fiskal bazasının hələ də əhəmiyyətli dərəcədə neft gəlirlərindən asılı olmasıdır. Bu asılılıq isə enerji bazarlarında baş verən kəskin qiymət dalğalanmaları zamanı ciddi təzyiqlər yarada bilər. Məsələn, 2015-ci ildə qlobal neft qiymətlərinin 50 faiz azalması nəticəsində ölkənin valyuta bazarında təzyiqlər baş vermiş və bu təzyiq Mərkəzi Bankın manatı 60 faiz dəyərdən salmasına səbəb olmuşdu. Bu, Azərbaycanın büdcə sabitliyinin və milli valyutasının məhz neft gəlirlərinə bağlı olduğunu bir daha sübut etdi.

Hazırkı şəraitdə Azərbaycan fiskal siyasətində makroiqtisadi tarazlığı qorumaqla yanaşı, strateji investisiyalara yönəlik xərcləmələrə üstünlük verir. İnfrastruktur və sosial layihələrə yönələn vəsaitlər bir tərəfdən iqtisadi dövriyyəni genişləndirir, digər tərəfdən isə əhalinin rifah səviyyəsini yüksəltməyə xidmət edir. Belə yanaşma yalnız qısamüddətli böyüməni deyil, eyni zamanda uzunmüddətli struktur sabitliyini dəstəkləyir. Əlavə olaraq, büdcə kəsirinin nisbətən aşağı həcmdə saxlanılması hökumətə monetar siyasət üçün manevr imkanları yaradır və inflyasiyanın idarə olunmasına müsbət təsir göstərir.

Nəticə etibarilə, Azərbaycanın 2025–2026-cı illərdəki fiskal trayektoriyası dayanıqlı inkişafı və makroiqtisadi təhlükəsizliyi təmin etmək məqsədi daşıyır. Neft Fondu və digər ehtiyat mexanizmlərinin funksional şəkildə idarə olunması, qlobal enerji qiymətlərindəki dəyişikliklərə qarşı qoruyucu bufer rolunu oynayır. Bununla yanaşı, fiskal siyasətin struktur islahatlar və diversifikasiya səyləri ilə uzlaşdırılması vacibdir ki, uzunmüddətli dövrdə fiskal risklər daha da azalsın və büdcə sabitliyi neft gəlirlərindən daha az asılı formada davam etdirilə bilsin.

Nuray,

Aznews.az

Chosen
23
aznews.az

1Sources