EN

Bir əsrlik sirr açıldı: 1918-ci ilin "ispan qripi" virusu haqqında nə tapıldı?

Alimlər XX əsrin ən ölümcül pandemiyasına səbəb olmuş 1918-ci il qrip virusunun genetik sirrini nəhayət ki, aça biliblər. 

Azreform.info Qaynarinfo-ya istinadən xəbər verir ki, İsveçrənin Bazel və Sürix universitetlərindən olan tədqiqatçılar bu tarixi virusun genomunu deşifrə edərək onun insanlara necə uyğunlaşdığını və yayılma mexanizmini izah edən mühüm kəşf ediblər.

20-100 milyon insanın həyatına son qoyub

1918–1920-ci illərdə baş verən və "ispan qripi” kimi tanınan pandemiya dünyada 20 milyondan 100 milyonadək insanın ölümünə səbəb olub. Lakin bu virusun necə dəyişdiyi və insanlara necə uyğunlaşdığı illər boyu qaranlıq qalıb.

"The Daily Galaxy" nəşrinin yazdığına görə, paleogenetik Verena Şünemannın rəhbərlik etdiyi araşdırma bu sahədə dönüş nöqtəsi hesab olunur. Tədqiqatçılar virusun RNT-sini Sürix Universitetinin Təkamül Təbabəti İnstitutunda qorunub saxlanılan, formallinlə mühafizə olunmuş toxumadan çıxarıblar. Məlum olub ki, virus pandemiyanın əvvəllərindən etibarən insan orqanizminə uyğunlaşmaq üçün mühüm genetik dəyişikliklərə sahib imiş.

Üç əsas mutasiya aşkarlandı

Araşdırma zamanı 1918-ci ilə aid İsveçrə ştamında üç əsas mutasiya müəyyən olunub. Verena Şünemann bildirib:

"Bu, 1918–1920-ci illərdə İsveçrədə yayılmış pandemiya virusunun genetik koduna ilk dəfə tam çıxış əldə etdiyimiz haldır. Bu da Avropada pandemiyanın ilk mərhələsində virusun necə adaptasiya olunduğunu anlamağa imkan verir".

Bu mutasiyalardan ikisi insanın immun sisteminin vacib antivirus mexanizminə qarşı virusun daha davamlı olmasını təmin edib. Normalda bu mexanizm heyvandan insana keçən virusları əngəlləyir. Üçüncü mutasiya isə virusun membranında yerləşən bir zülalı dəyişərək onun insan hüceyrələrindəki reseptorlara daha möhkəm bağlanmasına səbəb olub.

Qədim RNT-nin araşdırılmasında inqilabi metod

Qrip virusları sabit DNT deyil, parçalanmağa daha meyilli olan RNT ilə məlumat daşıyır. Bu səbəbdən qədim qrip viruslarının RNT-sini uzun illər boyunca öyrənmək çox çətin olub. Sürix Universitetindən tədqiqatın əsas müəllifi Kristian Urban deyib:

"Qədim RNT yalnız çox xüsusi şəraitdə uzun müddət qorunub qala bilir. Bu səbəbdən biz, konservləşdirilmiş toxumalardan qədim RNT fraqmentlərini mümkün qədər effektiv şəkildə çıxarmağa imkan verən yeni metod hazırladıq".

Bu inqilabi texnologiya sayəsində alimlər təkcə "ispan qripi” deyil, gələcəkdə başqa tarixi virusları da daha dəqiq öyrənmək imkanı əldə edəcəklər.
 

Chosen
37
2
azreform.info

3Sources