EN

"ABŞ-dan İrana sarsıdıcı zərbə: Şamxani ailəsinin neft imperiyasına qarşı ən böyük sanksiya paketi" - İsrail mətbuatı

"İran xalqı öz ləyaqətini və maraqlarını sonadək müdafiə edəcək..."

ABŞ hökuməti İrana qarşı son altı ildəki ən böyük sanksiya paketini tətbiq edib. Sanksiyaların əsas hədəfi İranın ali rəhbərliyinə yaxın olan Şamxani ailəsinin neft və gəmiçilik şəbəkəsidir.

Moderator.az xəbər verir ki, bu barədə "segodnya.co" nəşri məlumat yayıb.

Məlumatda deyilir ki, bu şəbəkə milyonlarla barel neftin dünya bazarlarına çıxarılması ilə yanaşı, on milyardlarla dollar gəlir gətirərək Tehranın nüvə proqramını və regiondakı qeyri-sabit fəaliyyətlərini maliyyələşdirib. Maliyyə Nazirliyi tərəfindən yayılan bəyanata əsasən, sanksiyalar çərçivəsində 20 təşkilat, 10 gəmi, 115-dən çox fiziki və hüquqi şəxs və 50-dən artıq gəmi rəsmi şəkildə qara siyahıya salınıb.

Bu şəbəkəyə rəhbərlik edən şəxs Məhəmməd Hüseyn Şamxanidir. Onun atası Əli Şamxani isə İranın ali rəhbəri Əli Xameneinin siyasi müşaviridir və özü də 2020-ci ildən ABŞ sanksiyaları altındadır. Oğul Şamxani atasının siyasi mövqeyindən istifadə edərək nəhəng tanker və konteyner gəmilərindən ibarət korrupsiyalaşmış imperiya qurub. Bu gəmilər İran və Rusiyadan neft məhsullarını müxtəlif ölkələrə daşıyaraq ailəyə və rejimə böyük gəlir gətirir.

Beynəlxalq aləmə xəbərdarlıq

ABŞ Dövlət Departamentindən verilən açıqlamada deyilir: "İran rejimi həm nüvə proqramını, həm də terrorçuluğu və daxili repressiyanı bu kimi qanunsuz gəlir mənbələri ilə maliyyələşdirir. Hər hansı ölkə və ya şirkət İranın neft və neft-kimya məhsulları ilə ticarət edərsə, ABŞ sanksiyalarına məruz qalacaq və bizimlə biznes qura bilməyəcək". Sanksiyalar yalnız İran daxilindəki strukturları əhatə etmir. Hindistan, BƏƏ, Türkiyə, İndoneziya və Çindəki bəzi şirkət və operatorlar da qara siyahıya salınıb.

İsrailin dəstəyi və İranın qəzəbi

İsrail bu qərarı alqışlayıb. Xarici işlər naziri Qideon Saar sanksiyaları "ədalətli və zəruri" adlandıraraq deyib: "İran rejimi dünyada terror və qeyri-sabitliyin əsas ixracatçısıdır. Biz bu cəsur qərara görə ABŞ-a təşəkkür edirik". Digər tərəfdən, Tehran olduqca sərt reaksiya verib. 

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai sanksiyaları "düşmənçilik addımı" adlandırıb və bildirib ki, İran xalqı öz ləyaqətini və maraqlarını sonadək müdafiə edəcək. Baqai qeyd edib ki, İran Atom Enerjisi Agentliyi ilə texniki danışıqları bərpa etməyə razıdır, lakin eyni zamanda ABŞ-dan kompensasiya, hərbi hücumlardan imtina və məsuliyyətin tanınması kimi sərt şərtlər irəli sürüb.

İran rejiminin zəif nöqtəsi hədəfdədir

Maliyyə naziri Skott Bessentin sözlərinə görə, bu addımlar Tramp administrasiyasının başladığı "maksimum təzyiq" siyasətinin davamıdır. "Bu sanksiyalar İran rejiminin elitasını, onların çirkli sərvətini və dünya miqyasında təhlükəli planlarını hədəfə alır.

Şamxani ailəsinin qeyri-qanuni yollarla əldə etdiyi sərvət sadə iranlılara əlçatmaz olan imkanlar - lüks əmlaklar, xarici pasportlar və gizli səyahətlər gətirib", - o, bildirib. Bu dəfəki sanksiya dalğası sadəcə iqtisadi deyil, həm də siyasi mesaj daşıyır: İran rejiminin iç üzünü ifşa edən, nüvə ambisiyalarını zəiflətməyi və regionda balansı dəyişməyi hədəfləyən sərt bir cavabdır.

Chosen
24
moderator.az

1Sources