EN

Milan Şkrinyar rəsmən “Fənərbağça”da

PSJ-nin və Slovakiya milli komandasının mərkəz müdafiəçisi Milan Şkrinyar Fransa nəhəngindən ayrılaraq “Fənərbağça”ya keçib.

Arena.az bu barədə Türkiyə klubunun rəsmi saytına istinadən xəbər verir.

İstanbul təmsilçisi ötən mövsüm icarəyə götürdüyü 30 yaşlı oyunçunun tranasfer hüquqlarını da almağa qərar verib. “Fənərbağça” bunun üçün PSJ-yə 7 milyon avro ödəyib. Şkrinyar İstanbul klubu ilə 4 illik (2029-cu ilin 30 iyununadək) müqavilə bağlayıb.

Xatırladaq ki, Milan Şkrinyar 2023-cü ilin yayında İtaliyanın “İnter” klubundan azad agent kimi PSJ-yə keçmişdi. Təcrübəli futbolçunun Paris klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayında başa çatacaqdı. Şkrinyar Fransa nəhənginin heyətində bütövlükdə 37 oyun keçirib, 1 qol vurub. O, PSJ ilə Fransa çempionu olub, Fransa Kubokunu və Fransa Super Kubokunu qazanıb.

Şkrinyar bu ilin əvvəlində icarə əsasında qoşulduğu “Fənərbağça”nın heyətində 23 oyuna çıxıb, 3 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Şkrinyar 2017-ci ilin yayından PSJ-yə keçənə qədər formasını geyindiyi Milan “İnter”i ilə 5 kubok qazanıb. O, İtaliya klubu ilə 1 skudetto, 2 İtaliya Kuboku və 2 İtaliya Super Kuboku sevinci yaşayıb. Milanın 6 illik “İnter” karyerasının ümumi nəticəsi isə belədir: 246 oyun, 11 qol və 5 məhsuldar ötürmə.

Milan Şkrinyar karyerası ərzində “Jilina” (93 oyun, 13 qol, 2 assist), “Sampdoriya” (38 oyun), “ViOn” (7 oyun) kimi klublarda da forma geyinib. O, Slovakiya milli komandasında da 81 oyun keçirib, 3 qola imza atıb, 3 assist müəllifi olub.

“Transfermarkt” internet-portalı 30 yaşlı Şkrinyarı 15 milyon avro məbləğində qiymətləndirir.

Chosen
12
arena.az

1Sources