BAKI, 1 avqust. TELEQRAF
Güləş üzrə Yunanıstanın paytaxtı Afinada keçirilən U17 dünya çempionatı beşinci yarış günündə 48, 55, 65, 80 və 110 kq-da yer alan sərbəst güləşçilər mübarizəyə start verib.
Teleqraf federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Rəvan Həsənzadə (48 kq) belaruslu Makar Markoviçi vaxtından əvvəl mübarizədən kənarlaşdırıb – 12:0.
Azərbaycanlı idmançı özbəkistanlı Cahangir Tulkunovla gərgin mübarizə şəraitində keçən görüşdən də qalib ayrılıb – 4:2. Həsənzadə yarımfinalda amerikalı Ariah Millsə 2:7 hesabıyla məğlub olub. İdmançı sabah bürünc medal uğrunda Giorgi Narimanidze (Gürcüstan) – İslam Rabadanov (Rusiya) qarşılaşmasının qalibiylə güləşəcək.
Ruslan Əlizadə (55 kq) həm moldovalı Dan Bulqaru, həm də kanadalı Aaharen Piranavan üzərində 10:0 hesablı qələbə qazanıb. Azərbaycan güləşçisi 1/4 finalda rusiyalı Çingis Sarıqlarla üz-üzə gəlib. Əlizadə 6:1 hesablı üstünlük əldə etsə də, təşəbbüsü əldən verib və yekunda minimal fərqlə (8:9) xalçanı məyus tərk edib.
Hüseyn İsmayılov (65 kq) əvvəlcə kanadalı Liam Qortonu üstələyib – 4:2. Gəncə güləş məktəbinin yetirməsi 1/8 finalda yunanıstanlı Konstantinos Mixailidisə heç bir şans tanımayıb – 11:0. İsmayılov daha sonra qırğızıstanlı Adisbek Altınbekovu çətinliklə də olsa, yolundan kənarlaşdırıb – 2:1. İsmayılov yarımfinalda isə qazaxıstanlı Yerali Askerbekdən güclü olub – 3:1. Milli üzvü sabah finalda amerikalı Arseni Kikinyovla güləşəcək.
Nihad Süleymanlı (80 kq) debütdə ermənistanlı Vaçe Aslanyan üzərində inamlı qələbəyə sevinib – 7:1. Süleymanlı 1/4 finala çıxmağa da yaxın olub. Ancaq sona 3 saniyə qalmış qələbəni əldən verən idmançı rusiyalı İssa Zanqiyevə 5:7 hesabıyla məğlub olub.
Hakim Tağıyev (110 kq) debütdə belaruslu Mikita Tkaçiki vaxtından əvvəl mübarizədən kənarlaşdırıb – 10:0. Azərbaycanlı idmançı amerikalı Aleksander Teylora da gücünü göstərib – 7:6. Tağıyev 1/4 finalda rusiyalı Avropa çempionu Maqomedrasul Omarovla bacarmayıb – 0:5. Rəqib finala yüksəldiyi üçün güləşçi sabah təsəlliverici görüşə çıxacaq. Onun rəqibi ya Laert Movsesyan (Ermənistan), ya da Yu Çuanq (Çin Taypeyi) olacaq.