EN

“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm, Qərbi Azərbaycanı tərk edəndən 2 nəsil itirmişik”- FOTO+ÖZƏL

“Mən, Qərbi Azərbaycanın Loru-Pəmbək mahalı, Böyük Qarakilsə rayon Hallavar kəndindənəm. 1988-ci il keçmiş Ermənistanda baş vermiş məlum qanlı hadisələr zamanı 22 yaşım olub. Hazırda Hallavar eli və Loru-Pəmbək mahalın feysbuk portalında təbliğatçılarından biriyəm. Bildiyiniz kimi SSRİ dayaqlarını milli ədavətlər fonunda sarsıtmış erməni daşnakları 1988-ci ildə həm Qarabağda, həm də Qərbi Azərbaycanda "makur hayastan"  (təmiz ermənistan) ideyasını yerli azərbaycanlılara qarşı yönəltməklə soyqırım şiddəti altında iğtişaşlar törətməyə, Azərbaycanlıları zorla deportasiya etməyə başladılar. Bu hadisələr 1988-ci ilin noyabrında daha da şiddətləndi. Haylar vəhşicəsinə qırğınlar, dağıntılar törətməyə başladılar”
 
Bunu Moderator.az-a açıqlamasında əslən Qərbi Azərbaycanlı olan şair Bəxtiyar Aşıxlı deyib. O daha sonra əlavə edib:
 
“Bizim kəndlər-Hallavar, Heydərli, Aşağı Kilsə, Yuxarı Kilsə və Mollaqışlağı 1988-ci il dekabrın 7-nə qədər mühasirədə qaldı. Daşnak silahlıları hər vəchlə qırğın törətmək istəyirdi. Kənd əhalisi əllərində olan ov silahları və məktəb silahları ilə müdafiə olunurdu. Qonşu Almalı və Saral kənd sakinlərini daşnaklar köç adı altında kənddən çıxarıb yol boyu silahlı hücuma məruz qoymuşdu. Artıq çoxsayda insan tələfatı xəbərləri yayılırdı. Dekabrın 7-si ermənistanın Pəmbək mahalı, Hamamlı rayonunda güclü zəlzələ baş verdi. Dekabrın əvvəllərindən kəndlərimizə Azərbaycandan xilas helikopterləri gəlməyə başladı. İlkin olaraq uşaq və qocalar helikopterlə Qazax rayonunun Musaköy (indiki Xanlıqlar) kəndinə yola salındı. Zəlzələyə qədər kəndə ərzaq təminatı dayanmışdı. İşıqlar günlərdi söndürülmüşdü. İnsanların nigaranlığı, səbri demək olar ki, tükənmişdi. Baş verən zəlzələdə Hamamlı (Spitak) şəhəri tamamilə dağıldığından ermənilərin biz azərbaycanlılara yönəlmiş vəhşi niyyətləri baş tutmadı. Bölgəyə xilas adı altında "qızıl" ordu yeridildi. Kömək üçün xarici ölkələrdən xilaskarlar axışdı. Necə deyərlər daşnaklar bir müddət "sakitləşməli" oldular. Bu fürsət bizə öz ata-baba yurdumuzu qismən təhlükəsiz tərk etməyə fürsət yaratmışdı.
 
Yadımdadır, dekabrın 9-u mən Qazaxdan kamaz markalı maşınla evimizin əşyalarını və atamla qardaşımı gətirmək üçün kəndə yollandım. Gəlib çatdıq, kənd qaranlıq idi. Sakinlər maşın karvanını qarşılayırdı. Maşın işığında insanlar öz doğmalarını axtarırdı. Acınacaqlı mənzərə idi. Mənim atam hərbçi olub, hərb müəllimi idi, o kəndlərimizin müdafiəsini təşkil etmişdi. Ermənilərin bir neçə həmləsi dəf edilmişdi. İndi isə bu gecə atam mən və qardaşımla Ana-Vətənlə vidalaşırdıq. Yol boyu susmuşduq. Necə oldusa kabinədə atama baxdım. Mən onu heç vaxt ağlayan görməmişdim.
 
Sonra mən belə bir qoşma yazmışdım.
 
Ağladı..
 
Doğma diyarımla vida axşamı,
Axışdı hər yandan ellər ağladı.
Bu ulu yerlərin böyük dərdinə,
Bayatı söyləyən dillər ağladı.
 
O axşam ayrıldı bülbül bağından,
Ürəklər odlandı həsrət dağından,
Bir belə dərdlərin ağırlığından,
Tarixlər dayandı, illər ağladı.
 
Göylərə ucaldı ahlar, amanlar,
Tanrı ətəyinə qalxdı gümanlar,
Yurdun səcdəsinə gəldi dumanlar,
Dağlar matəm qurdu, çöllər ağladı.
 
Maymağın durumu yandırıb yaxdı,
Bulaqlar gözündən qanlı yaş axdı,
Şimşəklər gurladı, ildırım çaxdı,
Dərələr boyunca sellər ağladı.
 
Bir səda yetişdi Güllüdərədən,
Ceyranlar, cüyürlər endi bərədən,
Sular lal dayandı qəmdən, kədərdən,
Sonalı, sonasız göllər ağladı.
 
Çatdırın xəbəri Babam Misginə,
Qıymasın kimsəni düşə pis günə,
Bu son qədəmləri sıxıb köksünə,
Cığırlar ağladı, yollar ağladı.
 
Sarvanı bilinməz gedən karvanın,
Amansız olarmış hökmü zamanın,
Soldu dəm-dəsgahı bağın, bağçanın,
Çəmənlər saraldı, güllər ağladı.
 
Bəxtiyar, fələkdən gözləmə aman,
Sənin göz yaşına tab etməz ümman.
Zülmün möhnətinə baş əydi zaman,
Sazımın köksündə tellər ağladı.
 
Beləcə...bizim ailə də Azərbaycana pənah gətirdik. İndi mən Nərimanov rayonunda yaşayıram. Qərbi Azərbaycanı tərk edəndən 2 nəsil itirmişik. Ancaq, hələ də mən yuxularımda kəndimizi görürəm. Kəndimizin tarixinə və dövlətimizin apardığı ədalətli siyasətə inanır və əminəm ki, biz öz ata - baba yurdlarımıza qayıdacağıq. Kəndimizin tarixi dedikdə mən qədim Oğuz yurdunu nəzərdə tuturam. Bizim kəndimizin dağları Misgin Abdal yaylağı, qaçaq Kərəm oylağı, Osmanlı ordusunun dəfələrlə qışlağı olmuşdur. Bizim Hallavar kəndində 1915 - 20 - ci illər Türk komutanlarından Vehip Paşa, Yakub Şevki Paşa və Kazım Karabəkir Paşa mövqe tutmuşlar.
 
Rusiya və erməni ordularına sarsıdıcı zərbələr vurmulmuşdur. Qarabağımızın azad olunması və suverenliyimiz əsas verir ki, Qərbi Azərbana qayıdış konsepsiyasının yaxın zamanlarda gerçəkləşəcəyinə inamımız möhkəmlənsin. Biz haqq yolundayıq, haqqımız həm tariximiz, həm də mədəni - mənəvi irsimizə sadiqliyimizdir. Mən əjdadlarımızın əziz xatirəsi, şəhidlərimizin müqəddəs ruhunu uca tutaraq Qərbi Azərbaycanda bayrağımızın dalğanalacağı günün uzaqda olmadığına əminəm” deyə Bəxtiyar Aşıxlı bildirib.
 
 
Chosen
6
moderator.az

1Sources