Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) yeni Sosial Xidmət Mərkəzi fəaliyyətə başlayıb.
SİA xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən, ay ərzində 50-dək uşağa xidmət göstərəcək mərkəz xüsusi avadanlıq və ləvazimatlarla təchiz edilib.Burada mütəxəssislər tərəfindən əlilliyi olan, həmçinin digər həssas qruplara aid uşaqlara psixoloji, pedaqoji, loqopedik və aktiv terapiya xidmətləri göstərilir.
Mərkəzdə uşaqların fərdi və qrup şəklində sosial-reabilitasiya xidmətlərinə cəlb edilməsi, valideynlərinin isə uşaqları ilə bağlı bacarıqlarının artırılması sahəsində təlimlərə cəlb olunması nəzərdə tutulur.
Hazırda ölkə üzrə SXA-nın 5 sosial xidmət mərkəzi (Abşeron, Sabunçu, Nərimanov, Yasamal, Ağdam) və bir sosial xidmət kabineti (Sumqayıt şəhəri) fəaliyyət göstərir.
Həmin mərkəzlərdə ötən dövrdə 1059 nəfər sosial-psixoloji reabilitasiya xidməti ilə təmin edilib. Hazırda 239 nəfər müvafiq xidmətlərdən yararlanır.