Azər Həsrət: "Çin mütləq Azərbaycanın maraqlarına bu və ya digər şəkildə dəxli olan məsələlərlə bağlı rəsmi Bakı ilə məsləhətləşməlidir"
Ermənistan tərəfi Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq üçün müraciət edib: Çin bu il ŞƏT-ə sədrlik edən ölkə kimi bu prosesi fəal şəkildə təşviq edəcək.
Bunu Çin Xalq Respublikasının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Li Sinvey Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 98-ci ildönümü münasibətilə keçirilən qəbul zamanı deyib.
Çin səfiri nitqində Çin və erməni xalqlarını təvəzökarlıq xatirinə "qədim svlizasiyalı xalqlar" adlandırsa da, bu ifadənin erməni icmasina heç bir dəxli yoxdur. Çünki ermənilər hələ xalq statusuna malik deyil - onlar icma mərhələsində ilişib qalıb.
Eyni zamanda, Ermənistan körtəbii xarici siyasət nəticəsində həm Avropa İttifaqına, həm ŞƏT-ə üzv olmaq istəyir, həm də faktiki olaraq Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvüdur. Bu cür əks qütbləri bir ölkənin birləşdirməsi faktiki olaraq mümkün deyil.
Bununla yanaşı, Ermənistanın Azərbaycanla sülh sazişi imzalamadığı indiki şəraitdə Cinin onun beynəlxalq təşkilata inteqrasiyasına dəstək verməsi bölgəmizdə sülh prosesinə necə təsir edəcək? Belə bir şəraitdə Ermənistanın ŞƏT-ə inteqrasiyasına Çin kimi bir dövlətin dəstək verməsi nə dərəcədə düzgün sayıla bilər?
Məsələyə münasibət bildirən siyasi şərhçi Azər Həsrət baki-xeber.com-a açıqlamasında bildirdi ki, Çin Azərbaycanla münasibətlərini zərbə altına qoymamalıdır, çünki Azərbaycan Güney Qafqazın və bütövlükdə regionun kilid ölkəsinə çevrilib: "Azərbaycanın rolu bütövlükdə bu bölgədə gedən proseslərdə digər dövlətlərdən qat-qat artıqdır. Xüsusilə Ermənistanla müqayisədə Azərbaycan regionda həlledici rola malikdir. Ermənistan isə sadəcə olaraq çoxsaylı dövlətlərdən biridir, yəni proseslərə təsir imkanı olmayan bir dövlətdir. Üstəlik də, quruculuğu tam olaraq baş tutmamış bir dövlətdir. Çünki Ermənistan hələ bir dövlət kimi özünü təsdiq etməyə çalışır. Belə bir şəraitdə Çinin Azərbaycanla hesablaşmadan, onun fikrininəzərə almadan addım atması yanlış olardı.
Fikrimizcə, Ermənistanın ŞƏT-ə üzv olmaq istəyini Çin yəqin ki, Azərbaycanla müzakirə edib və ya bunu etmək fikrindədir. Ona görə ki, normal dövlət ağlı belə davranmağı tələb edir. Yəni Çin də qədim ənənələri və təcrübəsi olan dövlət kimi bu nüansı nəzərə almadan addım atmaz, deyə düşünürəm.
Əlbəttə, bunu nəzərə almayacağı təqdirdə Azərbaycanla münasibətlərini bir qədər laxlatmış olacaq. Üstəlik, unutmamalıyıq ki, Çinin daxilində sayları 20 milyondan çox olan turk qardaşlarımız - uyğurlar yaşayır. Onların da çox ciddi problemləri var. Əlbəttə, Azərbaycan öz soydaşlarına sahib çıxmaq məcburiyyətində qalir və bu məsələ heç də Çinin lehinə işləmir. Belə bir şəraitdə Çin mütləq Azərbaycanın maraqlarına bu və ya digər şəkildə dəxli olan məsələlərlə bağlı rəsmi Bakı ilə məsləhətləşməlidir. Əks təqdirdə Azərbaycan gərəkən addımları ata bilər. Məsələn, bunu Rusiyanin timsalında necə etdiyimizi bütün dünya görür. Növbəti dövlətin Çin olmasını biz arzulamırıq. Amma zərurət yaranacağı təqdirdə, əlbəttə, yəqin ki, Azərbaycanın "B" planı mövcuddur.
Onu da qeyd edək ki, hər şeydən əvvəl, Çin Ermənistanla əlaqə qurmaq istədiyi Orta Dəhliz bütün variantlarda Azərbaycandan keçir. Çin bu barədə nə qədər tez-tez xatırlasa ona bir o qədər faydalı olar".
Dəniz NƏSİRLİ