EN

5 il tez pensiyaya çıxmaq imtiyazı kimlərə şamil edilə bilər? So­sial şə­bə­kə­də ya­zı­lan­lar

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Anar İsgəndər, professor:

- Azərbaycan əlifbası və Azərbaycan dili ilə əlaqədar:

Azərbaycan əlifbası tarixin bütün mərhələlərində şərəfli bir yol keçib. Azərbaycanın ilk əlifbaları kimi Orxon-Yenisey, Alban əlifbası haqqında kifayət qədər məlumatımız var. Ərəb yürüşlərindən sonra İslam dininin qəbulu və əhalinin savad əldə etməsi üçün mədrəsələrdən istifadə sürətləndi. Beləliklə, Azərbaycanda da ərəb əlifbasından istifadə olunmağa başladı.

1918-1920-ci illərdə Milli hökumət əski əlifbadan istifadə etməklə Azərbaycan (türk) dilində dövlət və kargüzarlıq işlərini aparırdı. Hökumət gələcəkdə Əlifba komissiyası yaratmaqla əlifba islahatı aparmağı nəzərdə tuturdu. Hətta 1918-ci ilin dekabrında əlifba komissiyası ilk iclasında latın qrafikalı əlifbaya keçməyi tövsiyə edirdi. Lakin 1920-ci ilin aprel işğalı əlifba islahatının həyata keçməsinə imkan vermədi.

1922-ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin yanında Əlifba Komitəsi yaradıldı. 1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə latın qrafikası ərəb qrafikası ilə bərabər hüquqlu hesab edildi və 1924-cü ildən məcburi dövlət əlifbası elan olundu.

Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1928-ci il 11 oktyabr dekreti ilə respublika latın qrafikalı əlifbaya keçdi.

1929-cu ildə Azərbaycanda ərəb qrafikalı əlifbadan istifadə qadağan olundu və latın qrafikalı əlifba tətbiq olunmağa başladı.

Lakin latın qrafikalı əlifba Mərkəzi qane etmirdi. Çünki Moskva kiril qrafikalı əlifbaya üstünlük verirdi. Ona görə də 1939-cu ilin iyulunda Azərbaycan SSR Ali Soveti 1940-cı ilin yanvarın 1-də kiril qrafikasına keçmək haqqında qərar qəbul etdi. Azərbaycanda kiril qrafikasından SSRİ dağılına qədər istifadə olundu.

1990-cu ildə yaradılmış Əlifba Komissiyası kiril qrafikasından latın qrafikasına keçmək haqqında Azərbaycan parlamentinə müraciət etdi. 1991-ci il dekabrın 25-də Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Lakin bu qanunun tətbiqi  xeyli ləngidi. 2001-ci ildə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdı.

2001-ci il avqustun 9-da Ümummilli lider Heydər Əliyev  avqustun birinin Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunması haqqında fərman imzaladı.

Dilimiz şirindir, anlaşılandır, daha çox xeyirxahlıq, səmimiyyət aşılayır. Dilimizdə haqqı və ədaləti müdafiə edən sözlər daha çoxdur. Dilimizdə insanlığı təhqir edən sözlər o qədər də çox deyil. Çox təəssüflər olsun ki, Qərbdə özünə sığınacaq tapan bəzi insanlarımız dilimizi hörmətdən salmağa çalışan söyüş və təhqirə meydan verirlər. Çox təəssüf. Əvvəla, Qərb heç bir zaman Azərbaycanın uğurunu rahat həzm etməyib. İkincisi, Qərb 30 il işğal altında qalan torpaqlarımız və bir milyon qaçqın və köçkün həyatı yaşayan insanlarımız haqqında ədaləti müdafiə edən bir fikir söyləmədi. İndi necə olur ki, Qərb kimlərə isə qucaq açır? İnanmayın. Özümüzü sevək, xalqımızı sevək, dilimizi sevək, suveren dövlətimizi  qorumağı borc bilək.

Vüqar Bayramov, millət vəkili:

- Qərar imzalandı: Bu şəxslər 5 il tez pensiyaya çıxacaqlar. Daha kimlərə bu imtiyaz şamil edilə bilər?

Baş nazir “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında qərar imzalayıb. Yeni sənədlə daha tez pensiyaya çıxanların siyahısı dəqiqləşdirilərək müəyyən əlavələr edilib. Belə ki, qızıl otağının nəzarətçiləri və emal, qırma, daşıma, torpaq ələviləşdirmə sahələrində nəzarətçilər əlavə olunmaqla mühəndislər, o cümlədən elektrik mühəndislər ilə yanaşı, metallurqlar güzəştli siyahıya daxil edilib.

Nazirlər Kabinetinin etdiyi son dəyişikliklər kontekstində bizə ən çox ünvanlanan sorğulardan biri də güzəştli şərtlər ilə pensiya hüququ kimlərə şamil olunması ilə bağlıdır. Daha tez pensiyaya çıxmaq hüququ yalnız çox uşaqlı ailələrə deyil, bir sıra digər vətəndaşlarımıza da şamil olunur.

Güzəştli şərtlər ilə pensiya hüququ “Əmək pensiyaları” haqqında Qanunla təsbit olunub. Belə ki, Qanunun 8-ci maddəsi “uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxsləri”, 9-ci maddəsi isə “güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxsləri” müəyyən edir.

Sözügedən Qanuna əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Bu o deməkdir ki, çox uşaqlı ailələrdə analar 59, əgər bu hüquqdan atalar isə istifadə edirsə o zaman onlar 60 yaşında pensiyaya çıxırlar.

Qanunun 9-cu maddəsinə güzəştli şərtlər ilə pensiya hüququ qaznan vətəndaşlarımızın isə siyahısı kifayət qədər genişdir. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin Nazirlər Kabinetinin təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Bununla yanaşı, hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin azı 5 il sığorta stajı olduqda pensiya yaş həddi 20 il azaldılır.

Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda 15 il tez əmək pensiyası ala bilirlər. Eyni zamanda, bir sıra dövlət sektorlarında, o cümlədən prokurorluq, hərbi xidmət, ədliyyə orqanları və s. çalışanların da qulluq müddətindən asılı olaraq daha tez pensiyaya çıxmaq hüquqları vardır.

Bütün bunlar ilə yanaşı, daha çox vətəndaşlarımıza tez pensiyaya çıxmaq hüququnun verilməsi ilə bağlı təkliflərimizi də təqdim edirik. Pensiya islahatların dərinləşməsi pensiya yaşının müəyyənləşdirilməsində kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət göstəricilərindən istifadəni daha da aktuallaşdırır.

Aydın Quliyev, jurnalist:

- Reallığı desə də, bu sözlərə görə Lavrovun “başını ağrıdacaqlar”...

Rusiyanın XİN başçısı Lavrov dövlətin strategiyası baxımından aşkar ziyanlı mövqelərdən daha birini ortaya qoyub. Nazir gənclərlə görüşdə deyib ki, Rusiya tarixdə ilk dəfə Qərblə tək vuruşur, I və II Dünya müharibəsində müttəfiqlərimiz var idi, indi onlar yoxdur...

Əvvala, dünyada tək qalmaq, təcrid olunmaq öyünməyə dəyməyən və fəxrlə deyilməli etiraf ola bilməz. Lavrov kimi stajlı diplomatın bu qədər ehtiyatsız fikri niyə söyləməsinin səbəbini anlamaq çətin gəlir. Digər tərəfdən,

Lavrovun iki cümləlik fikrindən kəskin suallar çıxarmaq olar. Rusiya niyə təklənib, bunun günahkarı kimdir, bütün dünya bir yanda, Rusiya bir yandadırsa, bu elə  Rusiyanın Ukrayna məsələsində haqsız olduğuna sübut  deyilmi, “müttəfiqlərimiz yoxdur” deyimi Şimali Koreya və Belarus rejimi kimi 2 müttəfiqin haqqını yerə vurmaq deyilmi?

Bu sözlər reallığın tam etirafı olsa  da, onlara görə Lavrovun “başını ağrıdacaqlar”. Həm özününkülər, həm də 2 müttəfiqi...

Ceyhun Əliyev, jurnalist:

- Avropanın 31 ölkəsində olmuşam, amma nə qədər qəribə səslənsə də TOP-5 şəhərlər sıralamasında Makedoniyanın paytaxtı Skopyenin adını daim çəkmişəm. Super aurası var bu şəhərin. “Neftçi”nin “Şkendiya” səfərində Skopye bulvarının gecəsinin gözəlliyini görmək nəsibim olub. Hə, indi “Qarabağ”a da eyni gözəlliyi görmək qismət olacaq. Ancaq Bekali, hansı ki, “Qarabağ”ı ÇL-in 3-cü mərhələsində əzib keçəcəklərini iddia edirdi, çempionumuzu canlı görmək üçün ya Bakıya gəlməli, ya da Skopyeyə səfər etməli olacaq.

Elxan Şahinoğlu, politoloq:

- Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, ölkəsinin keçmiş prezidenti və Baş naziri Dmitri Medvedev sosial şəbəkə səhifəsində Rusiya əleyhinə sərt sanksiyalar ehtiva edən qanun layihəsi hazırlayan respublikaçı senator Lindsli Qreminin yaşına işarə edərək ona “baba, əvvəlcə Amerika ilə məşğul ol” sözləriylə mesaj göndərib. ABŞ Prezidenti Donald Tramp Kreml sahibinə müharibəni dayandırmaq üçün təyin etdiyi 50 günü qısaldıb deyə Putin və onun ətrafı həyəcan içindədir. Məsələ burasındadır ki, Trampı tərifləyən və onu keçmiş prezident Cozef Baydedən ayıran Rusiya rəsmiləri Ağ Ev sahibinə münasibəti dəyişmək məcburiyyətində qalıblar. Putinin bundan sonra Tramp barədə müsbət fikir söyləməsi çətinləşib. Kreml sahibinin eyni zamanda Ağ Ev sahibinin ondan məyusluğuna hansısa reaksiyası olmalıdır. Putin bu barədə mövqeyini müəyyənləşdirərkən, mesajlarında ağır ifadələr işlədən dostu Medvedevi irəli verib. O, Trampı yüngülcə tənqid edərkən əsas nifrətini amerikalı senator Lindsli Qremin üzərinə töküb. Ancaq Medvedev kobud səhvə yol verib. Medvedevin istehza ilə “baba” adlandırdığı Qremin 70 yaşı var. Medvedevin patronu Putinin isə 72 yaşı var. Qremi babadırsa, Putin nədir? Putinlə yanaşı, onun komanda üzvlərinin yaşları da artıb. Xarici işlər naziri Sergey Lavrovun 75, Federal Şuranın rəhbəri Valentina Matveyenkonun 76 yaşı var. Vladimir Putinin tələbə yoldaşı və Rusiya Ali Məhkəməsinin sədri İrina Podnosova bu günlərdə vəfat edib. Evin şüşədəndirsə, başqalarına daş atma!

Ulucay Akif, şair:

- Qışda dəm qazından, yayda dənizdə, kanalda, 365 gün isə yol qəzalarında ölmək azərbaycanlıların hobbisidir.

Bunun başqa adı yoxdur, ölmək bizim hobbimizə çevrilib.

200 ildir ki, adamlara deyilir:

Dəm qazından ehtiyat edin, “ceyran peçi”dir, nə zibildir, ondan alıb evinizə qoşmayın.

Kimə deyirsən?

Payız girən kimi hamı qaçıb “ceyran peçi” alacaq, nə bilim, hamamda boğulub öləcək, yatdığı yerdə öləcək.

1700 ildir adamlara deyilir: 

Dənizdə çox dərinə getməyin, qırmızı şarları keçməyin, gedib qırmızı şara dırmaşmayın, rayonlarda kanallara, su anbarlarına çimməyə girməyin.

Nə fayda?

Hava bir az isinən kimi hamı hardasa boğulur. Görən də elə biləcək Afrikada yaşayırıq, dözülməz istilərimiz var. Nə özünüzü aldadırsınız eee.

Hər gün deyilir, maşını ehtiyatla sürün, sürət həddini keçməyin, bir dəfə ilə heç nə olmaz deməyin, yenə eyni şey. Qocası da, cavanı da, yeniyetməsi də, hamısı özünü ağıldankəm kimi aparır.

Məhsəti Musa, jurnalist:

- Geyim əxlaqın yox, şəxsiyyətin göstəricisidir. Gəlin, təkcə açıq geyinənlərdən danışmayaq, həm də örtünənlərə nəzər salaq. O qədər örtülü geyinən lazımsızlar var ki, onları cəmiyyətə əxlaq nümunəsi kimi göstərməyin özü yanlışdır. Şəxsiyyətinə hörmət edən adam isə harda, necə, nə geyindiyini bilir və bunun əxlaqla əlaqəsi az ola bilər. Yəni belə deyək, “Geyim əxlaq ölçüsüdür” fikrini qismən qəbul etmək olar, amma bunun sonunda “!” işarəsi qoymaq olmaz.

Alpay Azər, yazıçı:

- Ənvər Məmmədxanlının “Bakı gecələri” hekayəsində “sıxac” sözünə rast gəldim. Yaş paltarları ipdən asmaq üçün “şpilka” dediyimiz söz. Gec deyilsə, indi şpilkanın tərcüməsi kimi işlənən ipəzoru sıxacla əvəzləmək olar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
525.az

1Sources