EN

“Müəllimlərin sertifikasiyası təhsilin keyfiyyətinə mühüm təsir göstərir”

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Müəllimlərin sertifikatlaşdırma prosesində bu il 2343 nəfər müvafiq keçid balını toplamayıb. Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyətləri və məşğulluq imkanlarının qiymətləndirilməsi məqsədilə yerli təhsili idarəetmə orqanlarında xüsusi komissiyalar yaradılıb. Komissiyalar tərəfindən keçirilmiş fərdi görüşlər nəticəsində sosial həssaslıq meyarları əsasında prioritetlik səviyyələri müəyyən edilib və işlə təmin olunma istiqamətində müvafiq tədbirlər görülüb. Bildiririk ki, cari ildə baş tutmuş sertifikatlaşdırma prosesində 2343 nəfər müvafiq keçid balını toplamayıb. Müvafiq komissiyalara müraciət edən şəxslərin sayı 872 nəfər olub. Prosesin şəffaflığı və sosial ədalət prinsipləri əsasında aparılması məqsədilə müvafiq monitorinq və təhlil işləri yerli təhsil idarəetmə orqanlarının nəzarətində saxlanılır. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəylinin sözlərinə görə, 2022-ci ildən keçirilən sertifikatlaşdırma prosesində 64 901 müəllim iştirak edib. Sertifikatlaşdırmadan keçmiş 17 426 təhsilverənin vəzifə maaşına 35 faiz, 38 084 təhsilverənin vəzifə maaşına isə 10 faiz artım tətbiq olunub. 2025-ci ildə keçirilmiş sertifikatlaşdırılma imtahanında 21 000-ə yaxın kimya, biologiya, fizika, coğrafiya, informatika, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edib. Test imtahan mərhələsində 6 600 təhsilverən 51 bal və daha yuxarı, 11 318 təhsilverən isə 30 bal və daha yuxarı nəticə göstərib: “Sertifikatlaşdırma prosesinin növbəti mərhələsi, yəni müsahibə mərhələsinə artıq avqust ayının sonlarından başlayırıq. İlk növbədə təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində uğur qazanan müəllimlər üçün müsahibələr təşkil olunacaq. Təkrar sertifikatlaşdırma üzrə 1400-dən artıq müəllimin müsahibə mərhələsində iştirakı nəzərdə tutulub”.

Sertifikatlaşdırılma prosesinin keçirilməsində əsas məqsəd ümumtəhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin yoxlanılmasıdır. Eyni zamanda, sertifikatlaşdırma zamanı müəllimlərin peşə yararlılıqlarını yoxlamaq, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir. Sertifikasiya zamanı müəllim müstəqil qiymətləndirilmədən keçirilir, onun biliyi, səriştəsi müəyyən olunmuş qaydalar əsasında dəyərləndirilir və konkret parametrlər əsasında aparılan qiymətləndirmə nəticəsində onun pedaqoji yararlılığı müəyyənləşdirilir. Sertifikasiya diaqnostik qiymətləndirməni tamamlamalıdır. Bu baxımdan sertifikasiya müəllimin bütün fəaliyyətini qiymətləndirən mühüm prosedurdur. Yəni bu prosesə müəllimlərin təkmilləşmədən keçmələri, dərslərinin qiymətləndirilməsi, dərslərinin monitorinqi və sair daxil ola bilər.

Sertifikatlaşdırma iki mərhələdən - test və müsahibə mərhələsindən ibarətdir. Test imtahanı mərhələsində namizədlərə 120 dəqiqə müddətində bloklar üzrə 60 sual təqdim olunur. Bunlar təlim strategiyası və təlim metodikası olmaq üzrə iki yerə ayrılır. Təlim strategiyası üzrə: müasir təlim metodları və üsulları, fəal-interaktiv təlim texnologiyaları, interaktiv dərsin mərhələləri və ona verilən tələblər, kurikulumun mahiyyəti və məzmunu, innovativ pedaqoji fəaliyyətin xüsusiyyətləri mövzularını əhatə edir. Təlim metodikası üzrə isə, buraya fənnin tədris metodikası sahəsində yeniliklər, pedaqoji prosesin təşkili prinsipləri, təlim fəaliyyətinin planlaşdırılması, təlimin təşkilinə verilən tələblər, bilik və bacarıqların qiymətləndirilməsi metodları, qiymətləndirmənin növləri və məqsədləri mövzuları daxildir. Hər bir düz cavab bir bal kimi müəyyən edilir. Müəllimlər tərəfindən cavablandırılmayan suallar sıfır bal kimi qeyd olunur. İmtahanda 30 və daha artıq bal toplayanlar müsahibə mərhələsinə buraxılır. Həmin mərhələdə 20 bal toplayan namizədlər sertifikatlaşdırılır.

Təhsil eksperti Rizvan Fikrətoğlu qeyd edib ki, Azərbaycanda təhsil işçilərinin sertifikatlaşdırılması prosesi fəal şəkildə davam edir: “Bu məsələ həm təhsil ictimaiyyəti, həm də cəmiyyətin geniş təbəqələri tərəfindən müzakirə doğurur. Çox vacib və önəmli bir məsələdir. Bu proses müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi və inkişafı üçün bir vasitədir. Burada əsas məsələlərdən biri keyfiyyətin yoxlanılmasıdır. Müəllimlər həm ixtisas bilikləri, həm də pedaqoji və kurikulum bilikləri baxımından qiymətləndirilirlər. Nəticələrə əsasən 30-50 bal toplayan müəllimlərin maaşına 10 faiz artım edilir. 51-60 bal toplayanlara isə 35 faiz maaş artımı verilir.  Yüksək nəticə göstərən müəllimlər karyera baxımından üstünlük qazanır, məsələn, məktəb direktoru və digər rəhbər vəzifələrə irəli çəkilə bilirlər. Bu sistem müəllimlərin peşəkar inkişafını təşviq edir. Onlar daim öz üzərlərində işləməyə yönəldilir”.

O söyləyib ki, bu proses həm də şagirdlər üçün faydalıdır: “Çünki nəticədə siniflərdə daha hazırlıqlı, motivasiyalı və peşəkar müəllimlər dayanır. Bu da ümumi tədris keyfiyyətini artırır. Təhsil siyasəti baxımından da önəmlidir. Çünki bu proses nəticəsində hansı fənlərdə və bölgələrdə zəifliklərin olduğu üzə çıxır və gələcək planlaşdırmalarda bu məlumatlar nəzərə alınır. Ümumilikdə bu prosesi müsbət qiymətləndirirəm. Çünki həm şagirdlər, həm də səriştəli müəllimlər qazanır. Layiq olan müəllimlər öz vəzifələrini qoruyur və maaş artımı alırlar. Lakin bəzi problemlər və tənqidlər də var. Xüsusilə yaşlı və təcrübəli müəllimlər üçün bu proses stresli ola bilər. Texnologiyadan istifadə və imtahan təcrübələri zəif olan müəllimlər aşağı nəticə göstərə bilirlər. MİQ imtahanından uğur qazanmış müəllimlər sertifikatlaşdırmada da uğur qazanırlar, amma bu proses MİQ-dən fərqlidir. Yaşlı və pedaqoji təcrübəsi çox olan müəllimlər bəzən zəif nəticələr müşahidə olunur. Sosial şəbəkələrdə xüsusilə filoloqlar yəni Azərbaycan dili Ədəbiyyat müəllimləri etiraz edirlər. Onlar bildirirlər ki, suallar və mətnlər çox uzun, vaxt isə azdır - bu da haqlı narazılıqdır. Burada balanslı yanaşma olmalıdır. Məsələn, riyaziyyat müəllimlərinə təqdim olunan sualların çətinlik səviyyəsi necə tənzimlənirsə, eyni yanaşma Azərbaycan dili müəllimlərinə də tətbiq olunmalıdır. Sertifikatlaşdırmanın məqsədi müəllimlərin bilik səviyyəsini ölçmək və həmçinin gələcək təlim hazırlıqlarının nə qədər ehtiyac olunmasını üzə çıxarmaqdır. Ümumiyyətlə, bu sertifikatlaşdırma Azərbaycan təhsili üçün bir dönüş nöqtəsidir və burada mənfi birşey axtarmaq düzgün deyil”.

Millət vəkili Ceyhun Məmmədov deyir ki, sertifikasiya prosesi ümumitəhsil məktəblərində dərs deyən müəllimlərin savadlılıq dərəcəsinin müəyyənləşdirilməsi üçün münasib üsul hesab edilir: “Hesab edirəm ki, hazırkı dövrdə müəyyən mərhələ üçün sertifikasiya imtahanlarının keçirilməsinə ehtiyac var. Nəzərə alsaq ki, illər öncə təhsilimizdə baş verən səbəblər nəticəsində bəzi məktəblərimizdə müəyyən  xoşagəlməz vəziyyətlər yaranıb. Ona görə də hazırda Elm və Təhsil Nazirliyi bu məsələdən çıxış yolunu sertifikasiyada görür və bu proses davam edir. Ancaq mən düşünürəm ki, sertifikasiya uzunmüddətli proses olmamalıdır. Biz sertifikasiya ilə paralel olaraq  universitetlərdə təhsilin keyfiyyətinin artırılması, məzmunun gücləndirilməsi istiqamətində də addımlar atmalıyıq. Bu proseslər paralel getməlidir”.

Təhsil eksperti Kamran Əsədov sertifikasiyanın təhsilimiz üçün zəruri olduğunu bildirib: “Azərbaycan təhsilinin səviyyəsini müəyyənləşdirmək, artırmaq üçün yeganə vasitə bu tipli yoxlama prosesləridir. Məşhur bir ifadə var: “Heç bir təhsil sisteminin səviyyəsi müəllimin səviyyəsindən artıq ola bilməz”. Sizin müəlliminiz nədirsə, təhsil sisteminiz də odur. Birmənalı şəkildə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsini həyata keçirməliyik. Azərbaycanın müstəqilliyi dövründə akkreditasiya 1994-cü ildə olmuşdu. Ondan sonra 2014-2018-ci illərdə orta ümumitəhsil məktəblərində çalışan müəllimlər diaqnostik qiymətləndirilməyə cəlb edildilər. Ardınca yeni prosesi - sertifikasiyanı görə bilirik. 2009-cu ildən etibarən orta məktəbin kadr bazası üçün müəllimlərin işə qəbulu üzrə müsabiqəyə (MİQ) start verilsə də, sonrakı prosesdə hətta yüksək balla qəbul olunmuş müəllimlərin yoxlanılması həyata keçirilməmişdi. Buna görə də sertifikasiya zəruridir”.

Ekspertin fikrincə, müəllimlərin sertifikasiyaya cəlb edilməsinin təhsilin keyfiyyətinə mühüm təsir göstərir: “Müəllimlərin sertifikasiyaya cəlb edilməsi onların bilik və bacarıqlarını artırmasını zəruri edir. Hazırda gözləntilərimizin ikinci tərəfi müəllimlərimizin öz üzərlərində işləməsi, özlərini inkişaf etdirmələridir. Çox təəssüflər olsun ki, hətta nazirlik yeni dərslikləri çap edəndə belə, bəzi müəllimlər həmin vəsaitləri oxumurdu. Dərs prosesində ümumi, köhnə bilikləri əsasında iştirak edirdilər. Sertifikasiya müəllimlərimizin  bilik və bacarıqlarını artıracaq. Onların tədris etdiyi dərsdə də keyfiyyət artımı görəcəyik. Müəllimlər öz üzərlərində işləyirlər. Bütün müəllimlər hazırlaşırlar, kitab oxuyurlar. Bu, onların uşaqlara verəcəkləri biliyə də öz təsirini göstərəcək”.

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
35
525.az

1Sources