EN

Gözəllik təzyiqi: Sosial medianın görünməyən zəhəri RƏYLƏR

Sia Az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Sosial media son illərdə insanların həyat tərzini, estetik baxışını və özünü təqdim etmə formasını kökündən dəyişib. Ancaq bu dəyişikliklər bəzən sağlamlıq və psixoloji vəziyyət üçün mənfi nəticələr doğura bilir.

Psixoloq Vüsalə Əmiraslanova SİA-ya açıqlamasında deyib ki, sosial şəbəkələrdə paylaşım edən bir çox insan, əslində, real həyatlarını deyil, “filtrlənmiş” və idealizə olunmuş görüntüləri nümayiş etdirir:

“Ümumiyyətlə, sosial şəbəkədə paylaşılan həyat real həyata az uyğun gəlir. İnsanlar çox vaxt gözəl həyat yaşadıqlarını sübut etməyə çalışırlar. Əgər insan özü ilə barışıqdısa, bunu göstərmək üçün bədənini, yeməyini və həyat tərzini daima nümayiş etdirməyə ehtiyac duymaz. Bu, daha çox "qonşudan qalma geri" psixologiyası ilə bağlıdır”.

Psixoloq əlavə edir ki, bu cür paylaşımlar izləyici olan digər insanlara — xüsusilə evdar qadınlara, gənc izləyicilərə mənfi təsir göstərir. Onlar öz həyatlarını sosial mediada gördükləri ilə müqayisə edərək depressiyaya düşə, hətta ailə münaqişələri ilə qarşılaşa bilirlər:

“Hər insan iradəli deyil ki, gördüyünü olduğu kimi qəbul etsin. Sosial medianın yaratdığı saxta gözəllik obrazları insanları real həyatdan uzaqlaşdırır”.

Kosmetoloq Leyli Məmmədova isə deyib ki, şhərdə, məclisdə, restoranlarda getdikcə eyni cizgilərə malik insanların çoxaldığını görürük: "Filtrli həyat tərzi bir normaya çevrilib. Hər kəs eyni burun, eyni çənə, eyni qamət arzusundadır. Bu isə insanın öz bədənini və fərqliliyini qəbul etməməsinə gətirib çıxarır".

Kosmetoloq qeyd edir ki, bu, artıq təkcə vizual dəyişikliklərlə məhdudlaşmır – bu proses psixoloji və nevroloji bir problemə çevrilib. Özünü bəyənməmək, daim başqalarına bənzəmək istəyi insanın psixikasına təsir edir və getdikcə psixoloji asılılıq yaradır.

Həm psixoloqlar, həm də mütəxəssislər problemin əsas səbəbi kimi sosial medianın həddindən artıq həyatımıza müdaxiləsini göstərirlər. Həll yolu isə bu təsirlərə məhdudiyyətlər qoymaq, insanları öz fərqliliklərini qəbul etməyə təşviq etmək və sosial mediada təqdim edilən həyatların gerçək olmadığını dərk etməkdən keçir.

Müəllif: Fatimə Əliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
28
1
sia.az

2Sources