EN

TASS başını necə itirdi?!

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyanın TASS Agentliyi Xankəndinin adını yenidən "Stepanakert" qoyub. Mən də xatırladım ki, sən demə, 1984-86-cı illərdə əvvəl Vladivostokda deyil, Uraşioda ( 浦塩) və Saxalində deyil, Karafutoda (樺太) hərbi xidmətdə olmuşam.

Xidmət müddətim bitəndən sonra isə Yujno-Saxalinskidən deyil, Toyoxaradan Orenburqa deyil, tarixi türk şəhəri Orınbora gəlmişdim. Sonra da ordan Bakıya uçdum.

Hə, bir də yadıma düşdü ki, xidmət müddətimin 3 ay 21 gününü keçirdiyim adaların adı "Kuril adaları" deyil, Kuriru rettō (クリル列島) imiş. Yaponların "Şimal əraziləri" saydığı bu bölgə əslində Rusiyanın deyil, Yaponiyanındır. Rusiyanın dövlət xəbər agentliyi bunu bizim yadımıza saldı.

TASS sağ olsun, öz xəbərlərindən "Xankəndi" adını çıxarıb, "Stepanakert" yazması ilə bizi aydınlatdı. Onun sayəsində məlum oldu ki, əslində Rusiyadakı yer adlarının çoxunu biz də başqa cür yazmalıyıq.

Rusiyada "Kalininqrad" adlı şəhər və eyni adda vilayət olmadığını artıq anlamalıyıq. Bu, almanların şəhəridir, Köniqsberqdir.

Görünür, bizim AZƏRTAC-ın da bəyan etdiyi kimi, bundan sonra Volqoqradı Sarısu, Qroznını Solja-Qala, Novorossiyski Sudjuk-Kale), Yujno-Kurilski Furukamappu, İjevsk şəhərini İjkar, Volqa çayını İtil çayı kimi yazmalıyıq. Doğrudan da, Udmurtiyanın paytaxtı olan İjkar niyə "İjevsk" kimi qurama bir adla adlansın?!

Deyəsən, Mixail Qusmanı işdən çıxarandan sonra TASS yolunu da azıb, xəritəni çaşdırıb, gerçək tarixi məlumatlar, əsl coğrafi toponimlər, görünür, bu agentliyin yaddaşından silinib. Yoxsa dünənə qədər öz tarixi adı ilə adlandırdığı Xankəndi şəhərinə niyə birdən-birə "Stepanakert" desin ki?!

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
53
bizimyol.info

1Sources