EN

Alimlər 130 ölkədən DNT ardıcıllığı əsasında yeraltı göbələklərin ilk qlobal xəritəsini yaradıblar

Bakı, 1 avqust, AZƏRTAC

Alimlər 130 ölkədən DNT ardıcıllığından istifadə edərək yeraltı göbələklərin ilk qlobal xəritəsini yaradıblar. Lakin bu gizli biomüxtəlifliyin 90 faizi qorunan ərazilərdən kənardadır, yəni, onlar mühafizə olunmur. Bu, ciddi təhlükədir.

AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, alimlər 130 ölkədən 2,8 milyarddan çox DNT ardıcıllığından istifadə etməklə yeraltı göbələklərin ilk qlobal xəritəsini yaradıblar. Bu mikroskopik orqanizmlər - mikorizal göbələklər - bitkiləri qidalandıran, karbon saxlayan və ekosistemlərin sağlamlığını qoruyan mürəkkəb şəbəkələr qurur. Onlar ildə 13 milyard tondan çox CO₂ udurlar ki, bu da qazıntı yanacağın yandırılması nəticəsində yaranan bütün emissiyaların üçdəbiri ilə müqayisə edilə bilər.

SPUN (Yeraltı Şəbəkələrin Mühafizəsi Cəmiyyəti) layihəsi çərçivəsində alimlər interaktiv “Yeraltı Atlası” - bir kvadrat kilometr səviyyəsində göbələk şəbəkələrini öyrənməyə imkan verən alət işləyib hazırlayıblar. O, ən nadir və qiymətli icmaların harada yerləşdiyini göstərir və onların qorunub saxlanması üçün tədbirlərin necə planlaşdırılacağını təklif edir.

“Biz əsrlər boyu dağların, çayların və meşələrin xəritələrini çəkmişik. Amma indi torpağın altına baxmaq vaxtıdır”, - deyə SPUN-dan alim Tobi Kirs bildirir. Onun sözlərinə görə, göbələk şəbəkələrinin yox olması əkinləri məhv edir, meşələrin bərpasını ləngidir və yer üzündəki bütün canlıları zəiflədir.

Problem ondadır ki, göbələklər qanunvericilikdə və ekoloji siyasətdə demək olar ki, nəzərə alınmır. Yeni xəritələr bunu dəyişməyə kömək edəcək: müdafiə üçün prioritet sahələri müəyyənləşdirmək, bərpa hədəflərini təyin etmək və iqlim böhranının “görünməz” cəbhəsinə diqqəti yönəltmək.

SPUN artıq Monqolustandan tutmuş Ukraynaya qədər 79 ölkənin alimləri ilə əməkdaşlıq edərək 40 min göbələk nümunəsi toplayıb. Lakin planetin səthinin 0,001 faizindən az hissəsi tədqiq edilib. Bu ekosistemləri qoruyub saxlamaq şansını əldən verməmək üçün tədqiqatı genişləndirmək və təcili olaraq yeraltı orqanizmləri iqlim siyasəti gündəliyinə daxil etmək lazımdır.

Bu, sadəcə elmi alət deyil, həm də planetin ən vacib, lakin hələ də kifayət qədər qiymətləndirilməmiş dünyalarından birinə açılan pəncərədir.

Chosen
18
2
azertag.az

3Sources