AFFA ötən mövsümün yekununa əsasən Premyer Liqaya yüksəlmiş 2 kluba möhlət hüququ verib.
Söhbət “Karvan” və “İmişli”dən gedir.
AFFA-nın yaydığı məlumatda bildirilir:
“AFFA İcraiyyə Komitəsinin 14 mart 2025-ci il tarixli iclasında 2025/2026-cı illər mövsümündə Azərbaycan Premyer Liqasında komanda sayının artırılması ilə əlaqədar Premyer Liqaya yüksələcək klublara infrastruktur, inzibati və digər sahələrdəki çatışmazlıqları aradan qaldırmaq üçün 1 illik möhlət verilməsi ilə bağlı qərar qəbul edilmişdi.
Bu qərara əsasən, son 3 mövsümdə Premyer Liqada çıxış etməmiş və son mövsümün nəticələrinə görə I Liqadan Premyer Liqaya yüksəlmiş klublara (“Karvan-Yevlax” FK, “İmişli” FK) bir mövsümlük aşağıdakı möhlətlər tətbiq edilir:
1. Klubların nəzdində çalışan məşqçilər üçün Lisenziyalaşdırma qaydalarında nəzərdə tutulmuş Məşqçilik ixtisası dərəcələri bir kateqoriya aşağı məqbul hesab edilir (UEFA C kateqoriyadan aşağı olmamaq şərti ilə)
2. U-16, U-17, U-19 və əvəzedici komandaları liqalarda iştirak etməyə bilər”.
Bu, o deməkdir ki, «Qəbələ»nin mesajı AFFA-ya təsir etməyib. Yəni ki, «Karvan» və «İmişli»dən fərqli olaraq, onlar bütün yaş qrupları üzrə çempionatlarda varlıq göstərməlidirlər.
Halbuki «qırmızı-qaralar» federasiyanın nəzərinə çatdırmışdı ki, əgər digər iki yeni iştirakçı Əvəzedicilər Liqasında yarışmasa, burada təmsil olunmayacaqlar.
Qurumdan özlərinə də güzəşt gözləyən «Qəbələ»lilər bəs indi nə edəcək?
Aldığımız məlumata görə, AFFA-nın dünənki qərarı klub rəhbərliyini hərəkətə gətirib.
Maraqlı qərar veriblər: əvəzedici komanda formalaşdırılacaq, amma… Qəbələdə yox, Bakıda.
Paytaxtda pullu qruplar yaradılacaq və «ASK Arena»nın dördüncü meydançasında məşq keçəcəklər. Bakıdan bir məşqçi ora təyin olunacaq.
«Qəbələ-2» adıyla liqaya qatılacaq kollektiv ev oyunlarını da bu rayonda keçirməyəcək. Əvəzedicilər rəqiblərini Şamaxı Olimpiya Kompleksinin stadionunda qəbul eləyəcək.
SPORTİNFO.AZ