Dünən UEFA Konfrans Liqasının (KL) 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində evdə 2:1 hesabı ilə məğlub etdiyi "Aris"lə Yunanıstanda məhsuldar bərabərliyə razılaşan (2:2) "Araz-Naxçıvan" növbəti raundda mübarizə aparmaq hüququ qazandı. Tarixində ilk dəfə qitəmiqyaslı turnirdə iştirak edən naxçıvanlılar Kipr "Omoniya"sı ilə münasibətlərinə aydınlıq gətirəcəklər. "Omoniya" "qırmızı-ağlar"ın baş məşqçisi Elmar Baxşıyev üçün də tanış rəqibdir. O, "Qəbələ"nin "sükanı arxası"nda olarkən, 2023-cü ilin yayında məhz KL-in 2-ci təsnifat mərhələsində adalılarla üz-üzə gəlmiş və hər iki matçda uduzmuşdu - 2:3, 1:4. Tanınmış futbol mütəxəssisi, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimovla əlaqə saxlayıb "Araz"ın Kipr komandası ilə mübarizəsindən nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Öncə onu deyim ki, bütün təmsilçilərimiz yaxşı mübarizə apardılar. "Zirə" mübarizəni dayandırsa belə, "Hayduk" kimi rəqibə qarşı Splitdə sonadək döyüşdü, xarakter nümayiş etdirdi. "Araz"ın "Aris"i mübarizədən kənarlaşdırması da həm komanda, həm də Azərbaycan futbolu adına sevindirici məqamdır. 52-ci dəqiqədən azlıqda oynayan "Araz"a ikinci hissədə iki qol vursalar da, daha artığına gücləri çatmadı. "Omoniya"nın daha əvvəl Konfrans Liqasında Elmar Baxşıyevin rəhbərlik etdiyi "Qəbələ"ni məğlub etməsinin budəfəki mübarizəyə hər hansı şəkildə təsir edəcəyini düşünmürəm. İndi Baxşıyev başqa bir komandanın baş məşqçisidir, "Omoniya"da başqa kollektivdir. Bu başqa məsələ ki, rəqib əsasən legionerlərdən təşkil olunmuş, güclü komandadır. Düzü, son oyunlarına baxmamışam. Bununla belə, yaxşı kollektiv olduqlarını düşünürəm. Hər şeyə rəğmən, "Araz-Naxçıvan"ın "Omoniya"nı da üstələməyə gücü çatar. İki bərabər səviyyəli komandanın oyunlarını izləyəcəyik. Nə onlar təmsilçimizdən üstündür, nə də biz onlardan. Mərkəz müdafiəçisi İqor Ribeyronun qırmızı vərəqə alması heç yerinə düşmədi. Komandanın ən önəmli futbolçularından biridir. Təəssüf ki, cəzalı durumda olan yalnız Ribeyro deyil. Başqa itkilər də var. Hazırda şanslar 50-nin 50-yədir. Söylədiyim kimi, təmsilçimizin müdafiə xəttinin ən güclü bəndinin meydanda olmaması müəyyən problemlərə yol aça bilər. Özü də birbaşa qırmızı vərəqə alıbsa, hər iki matçı kənardan izləyəcək. Lakin "Araz"ın yenə də qol imkanları yaxalayacağına əminəm. Ribeyrosuz müdafiə xətti rəqibin həmlələrinin qarşısını kəsməyi bacarsa, hücum planında ciddi anlamda nəsə dəyişməyəcək".
Nihat