EN

Süni intellekt “Dünyanın ən yaxşı parfümü”nü yaradıb

Bakı, 1 avqust, AZƏRTAC

İnnopolis Universitetinin tələbələri 40 min ətir birləşməsinin təhlili və istifadəçi qiymətləndirilməsi əsasında parfüm yaradan neyroşəbəkə işləyib hazırlayıblar. Onların sözlərinə görə, əksər insanlarda emosional reaksiya doğura bilən universal məhsul alınıb.

AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, İnnopolis Universitetinin tələbələri tərəfindən təsis edilmiş “AI Spirit” layihəsi süni intellekt vasitəsi ilə yaradılmış “sinqulyar ətir”in ilk versiyası olan SD-1 (Synthetic Dream) parfümünü təqdim edib. Neyroşəbəkə onun cəlbediciliyinin universal formulunu tapmaq üçün dünyanın 40 min ən məşhur ətrinin strukturunu və istifadəçi rəylərini təhlil edib.

“Komandamız qarşısına parfümün cəlbediciliyinin universal kodunu tapmaq və dünyanın ən yaxşı ətrini yaratmaq kimi iddialı bir vəzifə qoyub”, - deyə “AI Spirit”in həmtəsisçisi Sergey Polin bildirib.

Onun yaradılmasında peşəkar ətriyyatçı Veronika Yamilova iştirak edib. O, sintetik formulun tamhüquqlu məhsula çevrilməsi üçün neyron şəbəkənin çıxış məlumatlarını interpretasiya etməyə kömək edib.

“Uşaqlar quru, ruhsuz bir alqoritm deyil, ətirlər, duyğular və insanların üstünlükləri arasında görünməz əlaqələrin ətraflı xəritəsini əldə etmək imkanı təqdim ediblər”, - deyə Yamilova bildirir.

Universitetin mətbuat xidmətindən deyiblər ki, parfüm notlarına iris, jasmin, çəhrayı bibər və tuberoza daxildir.

SD-1 indi otaq spreyi kimi mövcuddur. Komanda məhsulun sertifikatlaşdırılmasına başlayıb və onu məhdud sayda buraxmağı planlaşdırır. Gələcəkdə “AI Spirit” brendlərin sifarişi ilə ətirlər hazırlamaq və hətta hər bir istifadəçi üçün fərdi olaraq parfüm seçmək istəyir.

Chosen
17
2
azertag.az

3Sources