"Azərbaycan enerji təhlükəsizliyi baxımından Avropa üçün kifayət qədər önəmli tərəfdaşdır. Xüsusilə nəzərə alsaq ki, hazırda Avropanın enerji təhlükəsizliyini təmin edən əsas ölkələrdən biri məhz Azərbaycandır".
Bu fikirləri məsələni Olaylar.az-a şərh edərkən siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, bu istiqamətdə həm Avropa İttifaqına üzv dövlətlərin, həm də Avropa İttifaqının rəhbərliyinin kifayət qədər açıq bəyanatları olub ki, Azərbaycan bu sahədə xüsusi əhəmiyyət daşıyır. Xüsusilə də Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın enerji təhlükəsizliyi sahəsində ciddi problemlər ortaya çıxıb. Bu dövr ərzində Azərbaycan Avropanı çətin vəziyyətdə qoymadı. Enerji təhlükəsizliyinin təmin olunması və Avropa dövlətlərinin çətin vəziyyətə düşməməsi üçün üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirdi. Azərbaycan hər zaman ən yüksək səviyyədə Avropa ilə münasibətləri - necə ki, digər ölkələrlə də balanslı şəkildə qurub və öz öhdəliklərini uğurla icra edib.
Siyasi şərhçi bildirib ki, bu, təkcə enerji məsələlərində deyil, eyni zamanda hüquqi və insan haqları ilə bağlı sahələrdə də belədir. Ancaq zaman-zaman Azərbaycanda keçirilən məhkəmə proseslərinə Avropa Şurası tərəfindən süni müdaxilələrin şahidi oluruq. Bəzən fərqli şəxslərlə bağlı məhkəmə prosesləri Avropa Şurası tərəfindən siyasi təzyiq vasitəsinə çevrilməyə çalışılır. Bu, təkcə Azərbaycana aid məsələ deyil. Ümumiyyətlə, Avropa Şurası hansı ölkə müstəqil siyasət yürütmək istəyirsə, həmin ölkəyə qarşı oxşar yanaşma sərgiləyir. Hətta üzv ölkələr arasında belə, əgər hansısa dövlət Avropa qurumlarının haqsız qərarlarına tabe olmaq istəmir və öz hüquqlarını müdafiə edirsə, dərhal müxtəlif təzyiq mexanizmləri işə salınır. Bu yanaşmadan Azərbaycan da kənarda qalmır.
Z. Əmrəliyev qeyd edib ki, Avropanın müxtəlif institutlarında istər Avropa Şurası Parlament Assambleyasında, istər Avropa Komissiyasında, istərsə də Avropa Məhkəməsində erməni diasporu ilə geniş əməkdaşlıq edən qüvvələr var. Məhz bu qüvvələr Azərbaycana qarşı bu cür təzyiq kampaniyalarının həyata keçirilməsində fəal rol oynayırlar. Bəli, bu özü-özlüyündə kifayət qədər çətin və mürəkkəb bir prosesdir. Ancaq əgər Avropa Şurası həqiqətən də ədalət və obyektivlik prinsiplərinə sadiq qalmaq istəyirsə, bu cür ikili standartlara son qoymalı, siyasi təzyiqlərə çevrilmiş üsullardan imtina etməlidir. Unutmaq olmaz ki, Azərbaycan kimi güclü dövlətə, xalq-iqtidar birliyi olan bir ölkəyə saxta ittihamlarla təzyiq göstərmək mümkün deyil. Necə ki, indiyə qədər bu cəhdlər nəticə verməyib, bundan sonra da nəticə verməyəcək.
Səidə Ramazanova