EN

Qohumbazlıqla seçilən məktəb və bağça direktorlarının özbaşınalığı: Təhsil ekspertindən MÜHÜM AÇIQLAMA

ain.az, Sitat.info portalına istinadən məlumatı açıqlayır.

"Azərbaycanda təhsil müəssisələrində keyfiyyətli idarəçiliyin təmin edilməsi birbaşa təhsil mühitinə, müəllim və valideyn münasibətlərinə, uşaqların inkişafına təsir göstərir. Lakin mövcud idarəetmə sistemi şəffaflıqdan uzaqdır, təyinat prosesində şəxsi münasibətlər, qohumbazlıq, siyasi və inzibati təsir faktoru açıq şəkildə özünü göstərir. Rəsmi statistikaya görə, son beş ildə dövlət məktəblərində direktor vəzifələrinə edilən təyinatların 30 faizindən çoxu əvvəlcədən namizədlərin müəyyənləşdirildiyi, müsabiqələrin formal xarakter daşıdığı hallarda həyata keçirilib. Bağça sektorunda isə bu göstəricinin daha yüksək olduğu, direktor vəzifələrinin yerli icra strukturlarının yaxın çevrəsinə paylandığı barədə ictimaiyyətə dəfələrlə məlumatlar verilib. Belə təyinatlar nəticəsində direktor vəzifəsinə gələn bəzi şəxslər pedaqoji və idarəçilik təcrübəsindən çox uzaq olur, bu da həm müəllimlərə qarşı təzyiqlərə, həm də valideynlərlə konfliktlərə gətirib çıxarır".

Bu sözləri Sitat.info-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. 

O bildirib ki, bəzi hallarda müsabiqələrin nəticələri öncədən bəlli olur: "Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunun 29-cu maddəsində açıq şəkildə yazılıb ki, təhsil müəssisələrinin rəhbərləri “müsabiqə əsasında, şəffaf və obyektiv meyarlarla seçilməli və təhsil müəssisəsinin idarə olunmasında qanunvericilik qarşısında məsuliyyət daşımalıdır.” Amma bu müddəa praktikada çox zaman icra edilmir. Müsabiqələrin nəticələrinin əvvəlcədən müəyyən olunması, yüksək vəzifəli şəxslərin xanımı, gəlini və ya yaxın qohumlarının direktor vəzifəsinə gətirilməsi halları ictimai narazılığı artırır. Direktorların fəaliyyətinə nəzarət isə formal xarakter daşıyır: rayon təhsil sektorları tərəfindən aparılan yoxlamalar real problemləri aradan qaldırmaq əvəzinə kağız üzərində hesabatlarla kifayətlənir, şikayətlər isə ya araşdırılmır, ya da “müəssisədaxili məsələ” kimi ört-basdır edilir. Nəticədə, müəllim və valideynlərin hüquqları çox zaman pozulur, qanunsuz ödənişlər, qeyri-qanuni tapşırıqlar, psixoloji təzyiq və favoritizm halları davam edir".

K.Əsədovun  sözlərinə görə, dünya təcrübəsi göstərir ki, təhsil müəssisələrinin rəhbərliyində şəffaflıq və hesabatlılıq təmin edilmədən təhsildə keyfiyyət artımı mümkün deyil: "Finlandiyada direktorlar yalnız pedaqoji və idarəçilik təcrübəsi olan, ixtisaslaşdırılmış rəhbərlik kurslarını keçən şəxslər arasından seçilir və fəaliyyətlərinə hər rüb müstəqil auditorlar tərəfindən qiymət verilir. Sinqapurda direktorların fəaliyyətinə nəzarətdə valideyn komitələri və ictimai şuralar mühüm rol oynayır, hər il direktorlar üçün performans qiymətləndirməsi keçirilir və nəticələr ictimaiyyətə açıqlanır. Estoniyada məktəb rəhbərləri müqavilə əsasında təyin olunur, fəaliyyət göstəricilərinə görə yenidən təsdiqlənir və vəzifədə qalmaq yalnız nəticəyə görə mümkündür. Bu mexanizmlər korrupsiya hallarını minimuma endirir, müəllimlərə təzyiqləri aradan qaldırır, idarəçiliyi şəffaf və hesabatlı edir".

Təhsil eksperti hesab edir ki, Azərbaycanda mövcud sistemdə bəzi müsbət addımlar atılıb: "Son illərdə direktorların işə qəbulu üzrə müsabiqə mexanizmi tətbiq olunmağa başlayıb və bu proses müəyyən qədər açıq elanlarla həyata keçirilir. Bu, əvvəlki illərlə müqayisədə müəyyən irəliləyiş kimi qiymətləndirilə bilər. Amma praktika göstərir ki, müsabiqə mexanizmi hələ də real rəqabət mühitini təmin etmir, nəticələr çox zaman əvvəlcədən müəyyən olunur, bəzi hallarda sınaq mərhələsini keçməyən şəxslər “idarəçi təcrübəsi” adı altında təyin olunur. Təhsil müəssisələrində ictimai nəzarət isə demək olar ki, yoxdur, valideynlərin və müəllimlərin rəyi direktorların fəaliyyətinə təsir göstərmir.

Elm və Təhsil Nazirliyi bu istiqamətdə nə fundamental islahatlar aparır, nə də təhsil müəssisələrinin idarəçiliyində real şəffaflıq və məsuliyyət mexanizmi yaradır. Nazirlik şikayətləri araşdırmaq əvəzinə çox vaxt ictimai təzyiq azalana qədər prosesi uzadır, qanunsuzluqlara görə məsuliyyət tədbirləri isə nadir hallarda tətbiq olunur. Direktorların fəaliyyətinə dair illik ictimai hesabatlar hazırlanıb açıqlanmır, korrupsiya hallarına qarşı müstəqil monitorinq yoxdur, proqnozlar və risklərin idarə edilməsi ilə bağlı dövlət səviyyəsində heç bir proqram işlənməyib. Nəticədə, məktəb və bağça rəhbərliyində şəffaflıq təmin olunmur, vəzifə təyinatları şəxsi münasibətlər əsasında davam edir, müəllim və valideynlərin hüquqları isə çox zaman müdafiəsiz qalır.

Əgər bu sahədə real və davamlı nəzarət sistemi qurulmasa, təhsil müəssisələrində idarəçilik keyfiyyəti daha da zəifləyəcək, məktəb və bağçalar pedaqoji mühitdən çox şəxsi maraqların təmin olunduğu məkana çevriləcək. Direktor vəzifələrinə təyinat və nəzarət mexanizmi mütləq beynəlxalq təcrübəyə uyğunlaşdırılmalı, ictimai şuraların səlahiyyətləri artırılmalı, müstəqil təhsil müfəttişliyi institutu yaradılmalı, nepotizm halları qanunla sərt şəkildə cəzalandırılmalıdır. Elm və Təhsil Nazirliyi yalnız formal prosedurları idarə edən qurum yox, real şəffaflıq və hesabatlılıq yaradan icraçı orqan kimi fəaliyyət göstərmədikcə, təhsil müəssisələrindəki qanunsuzluqlar davam edəcək və təhsilin keyfiyyəti sistemli şəkildə zərər görəcək".

Nigar,

Sitat.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
15
2
sitat.info

3Sources