EN

Motivasiya uğursuzluqdan sonra necə qorunur?

Sadə psixoloji yanaşma məqsəddən vaz keçməməyə kömək edir

Bir dəfə uğursuzluğa düçar olan şəxs tez-tez məqsədindən vaz keçir. Ancaq ABŞ və Tayvanda aparılan yeni araşdırma göstərib ki, sadə bir psixoloji yanaşma motivasiyanın qorunmasına kömək edə bilər: əsas diqqəti xərclənmiş pullardan yox, sərf olunan vaxta yönəltmək lazımdır.

Pul yox, zaman mühümdür

Binghamton Universitetinin marketinq üzrə mütəxəssisləri müəyyən ediblər ki, insanlar sərf etdikləri maliyyəni düşünəndə uğursuzluqlar onlarda daha kəskin emosional reaksiya yaradır. Halbuki sərf olunan vaxt və öyrənilən biliklərə fokuslanmaq insanı ruhdan salmır, əksinə, irəliləməyə təkan verir.

Araşdırmanın mərhələləri

Prolific platforması vasitəsilə 600 nəfər əmək fəaliyyətində olan insan arasında iki ayrı sorğu keçirilib. Üçüncü eksperiment Tayvanda universitet tələbələrinin iştirakı ilə aparılıb. Burada iştirakçılar bir neçə dəfə İngilis dili imtahanından keçmədiklərini təsəvvür ediblər.

Nəticələr göstərib ki, vaxta fokuslanan iştirakçılar daha güclü iradə nümayiş etdiriblər və məqsədlərindən vaz keçməyiblər. Əksinə, pulları düşünənlərdə motivasiya ikiqat azalıb – xüsusilə də ardıcıl iki uğursuzluqdan sonra.

Effektin limiti də var

Tələbələrlə aparılan təcrübədə maraqlı bir detal da üzə çıxıb: ardıcıl üç və daha çox uğursuzluqdan sonra bu üsul artıq işə yaramır. Belə görünür ki, təkrarlanan uğursuzluqlar insanın özünə inamını ciddi şəkildə zədələyir.

Tətbiq sahələri genişdir

Tədqiqatçılar bu nəticələrin real həyatda geniş istifadə imkanlarının olduğunu vurğulayırlar. Xüsusilə onlayn kurslar, fitnes proqramları və “özün et” (DIY) kateqoriyalı məhsulların satışı zamanı bu üsuldan yararlanmaq mümkündür. İstifadəçilərə motivasiyaedici mesajlarla dəstək verilməklə onların davamlılığını artırmaq olar.

“Əgər insan başa düşürsə ki, o vaxt sərf edib və bu zaman onun inkişafına yönəlib, nəticə olmasa belə, o zaman hədəfdən imtina etməsi çətinləşir”, – deyə araşdırmanın müəlliflərindən biri qeyd edir.

Mənbə: Journal of Consumer Marketing

S.ELAY

XQ

Chosen
6
1
xalqqazeti.az

2Sources