EN

İranda müşahidə olunan 51 dərəcə isti Azərbaycana da gələcək? - İqlim mütəxəssisi elə proqnoz verdi ki..

Son 24 saat ərzində İranın Xuzistan əyalətinin Omidiyyə şəhəri 51° temperaturla planetin ən isti nöqtəsinə çevrilib. Bu ekstremal istilərin Azərbaycanda da müşahidə oluna biləcəyi sual doğurur.

Referans xəbər verir ki, KONKRET.az-a açıqlama verən hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov bildirib ki, yay fəslində Qafqaz və Xəzər dənizi üzərində baş verən atmosfer prosesləri, əsasən qərb və cənub barik mərkəzlərinin təsiri altında formalaşır.

“Bununla yanaşı bölgəyə daxil olan hava kütlələrinin transformasiyası da mühüm rol oynayır. Azərbaycanda yay fəsli təbii sinoptik-iqlim baxımından mayın ikinci ongünlüyünün ortasından başlayaraq sentyabrın ortasına qədər – ümumilikdə 120 gün davam edir”.

Cavid Hüseynovun sözlərinə görə, ölkədəki iqlim tipləri arasında yarımsəhra və quru çöl iqlimi üstünlük təşkil etdiyindən yay aylarında xüsusilə Mərkəzi Aran rayonlarında (Kür çökəkliyi), Xəzəryanı zonada və Naxçıvan Muxtar Respublikasının Arazboyu düzənliklərində hava çox isti keçir.

“Bu bölgələrdə orta aylıq temperatur 25-27°C arasında dəyişir, bəzi günlərdə isə 40-43°C-yə qədər yüksəlir. Eyni zamanda, avqustun ortalarınadək quraqlıq müşahidə olunur. Yaxın günlərdə Bakıda, Abşeron yarımadasında və digər bölgələrdə müşahidə olunacaq hava şəraitinin isə iqlim normasına yaxın olacağı proqnozlaşdırılır”.


Chosen
23
2
referans.az

3Sources