EN

Bu şəhərdə ölmək qadağan edildi - Qəbirstanlıqlarda yer yoxdur

İspaniyanın Qranada vilayətində yerləşən Lanxaron şəhərində artıq 25 ildən çoxdur ki, qeyri-adi bir qanun qüvvədədir - ölmək qadağandır. Əvvəlcə zarafat kimi səslənsə də, bu qərarın arxasında ciddi və real bir səbəb dayanır - qəbiristanlıqda yer çatışmazlığı.

1999-cu ildə o dövrün meri Xose Rubi, Lanxaronun yeganə qəbiristanlığında yer qalmadığı üçün rəsmi olaraq ölümün qadağan edildiyini bildirən simvolik bir qərar imzaladı. Həmin sənəddə vətəndaşlardan "yeni qəbiristanlıq yaradılana qədər öz sağlamlıqlarına maksimum dərəcədə diqqət yetirmələri və ölməmələri" xahiş olunurdu.

Mer bu addımı problemi ictimailəşdirmək və diqqəti cəlb etmək məqsədilə atmışdı. Hökumətin dərhal tədbir görmədiyi şəraitdə, bu absurd görünsə də, effektli simvolik qərar ictimaiyyətdə geniş rezonans doğurdu.

Bu qeyri-adi qadağa haqqında xəbər beynəlxalq mediada geniş yayılaraq, kiçik və sakit Lanxaron şəhərini jurnalistlərin və turistlərin maraq dairəsinə çevirdi. Qanun rəsmi hüquqi qüvvəyə malik olmasa da, Lanxaronun rəmzi və tanıdıcı simvoluna çevrilib.

Problemin son vəziyyəti və turist marağı


Aradan 25 ildən çox zaman keçsə də, Lanxaron hələ də eyni qəbiristanlıqdan istifadə edir və yeni qəbir sahəsinin yaradılması ilə bağlı rəsmi məlumat hələ də yoxdur.

Hazırda Lanxaron təxminən 4 min nəfərlik əhalisi olan, sakit və rahatlığı ilə seçilən turistik bir yaşayış məntəqəsidir. Mineral su mənbələri ilə məşhur olan şəhər, səs-küylü Barselona və Mayorka kimi kurortlara alternativ olaraq seçilir.

Ölümə qadağa qoyulan tək şəhər deyil


Maraqlıdır ki, dünyada ölümə simvolik və ya praktiki qadağa qoyulan tək yer Lanxaron deyil. Məsələn, Norveçin Şpisbergen adasında yerləşən Lonqyerbyen şəhərində də 1950-ci illərdən bəri dəfn məhdudiyyətləri tətbiq olunur. Burada əbədi donuşluq şəraiti səbəbindən meyitlər çürümür. Bu isə sanitariya problemləri yarada biləcəyindən, ağır xəstə insanlar adadan əvvəlcədən köçməyə təşviq edilir

 

(Lent.az)

Chosen
18
1
moderator.az

2Sources