EN

Çərkəzlər Rusiyaya qarşı üsyana başlayır - İDDİA

Çərkəzlərin Rusiya ilə münasibətləri qan və göz yaşı ilə yazılıb. 19-cu əsrdə Çar Rusiyası tərəfindən Qafqazın işğalı zamanı yüz minlərlə çərkəz öldürülüb, milyonlarla insan isə sürgün edilib. 

Bu hadisə tarixdə “Çərkəz Soyqırımı” kimi tanınır və hər il 21 mayda anım günü qeyd edilir. Lakin bu faciə hələ də Rusiya tərəfindən rəsmi olaraq tanınmayıb.

Çərkəzlər ayaqda 

Rusiya Ukraynada apardığı müharibə ilə həm siyasi, həm iqtisadi, həm də hərbi cəhətdən sarsılır. Moskvanın diqqətinin və gücünün Ukrayna cəbhəsində cəmlənməsi isə imperiya sərhədlərindəki millətlərin fəallaşması üçün fürsət yaradıb. Ən aktiv və köklü müqavimət mərkəzlərindən biri isə çərkəzlərdir.

Türkiyədə yaşayan çərkəz jurnalist Nalan Yazqan Modern.az-a verdiyi açıqlamada çərkəzlərin ayağa qalxdığını, muxtariyyət tələb etdiklərini, öz torpaqlarını istədiklərini və əks təqdirdə savaşa hazır olduqlarını bildirib.

Tarixi torpaqlar, soyqırımın tanınması və muxtariyyət

Çərkəzlərin əsas tələbləri aşağıdakılardır:

- Çərkəz Soyqırımının Rusiya tərəfindən rəsmi tanınması;
- Soçidən Rostova qədər uzanan torpaqların çərkəzlərə qaytarılması;
- Ermənilərin bu bölgələrdən çıxarılması, onlar bu torpaqlarda yerli olmadıqlarını bildirirlər;
- Rusiya Federasiyası daxilində muxtariyyət hüququnun tanınması;
- Diaspor çərkəzlərinin doğma torpaqlarına qayıtmasına icazə verilməsi.

Bu tələblər, əslində, siyasi statusun dəyişdirilməsi, torpaq üzərində suverenlik və etnik haqların bərpası anlamına gəlir.

Qafqazda yeni ittifaqlar, çeçenlər, ləzgilər və başqaları

Maraqlıdır ki, Nalan Yazqan çərkəzlərin tək olmadığını deyir. Onun sözlərinə görə, çeçenlər, ləzgilər və digər Qafqaz xalqları bu mübarizədə onların yanındadır. Bu isə potensial olaraq Qafqazda genişmiqyaslı separatizm və etnik qiyamların alovlanması demək ola bilər.

Bu ittifaqlar, xüsusilə çoxmərtəbəli etnik dinamikanın və uzun illər təzyiq altında saxlanılan azlıqların bir araya gələ biləcəyini göstərir. 

Türkiyə, İordaniya, ABŞ və Avropadakı çərkəzlər

Bugünkü çərkəz mübarizəsinin mühüm bir dayağı da dünyaya səpələnmiş diaspor toplumudur. Ən çox çərkəz yaşayan ölkələr arasında Türkiyə, İordaniya, Suriya, Almaniya, ABŞ və Fransa var. Onlar bu gün artıq daha fəaldırlar, sosial şəbəkələrdə təşkilatlanır, qeyri-hökumət təşəbbüsləri yaradır və siyasi təzyiq mexanizmləri qururlar.

Diaspor çərkəzləri Rusiya üzərində beynəlxalq təzyiqlərin artmasını, soyqırımın BMT və digər beynəlxalq qurumlar tərəfindən tanınmasını istəyir.

Rusiya üçün ikiqat cəbhə, xarici cəbhədə Ukrayna, daxildə Qafqaz

Ukraynada ciddi itkilər verən və artıq Qərbin sanksiyaları altında əzilməyə başlayan Rusiya üçün bu yeni “Qafqaz cəbhəsi” gözlənilməz və arzuolunmazdır. Əgər çərkəzlərin səsləndirdiyi çağırışlar silahlı müqavimətə çevrilərsə, bu, çoxmillətli Rusiya Federasiyası üçün domino effekti yarada bilər. Çünki ardınca başqırdlar, tatarlar, tuvalar, hətta sibir xalqları da eyni tələblərlə ortaya çıxa bilərlər.

Moskva hansı yolu seçəcək...

Tarix göstərir ki, Rusiya imperiyası heç vaxt etnik muxtariyyətləri xoş qarşılamayıb. Əksinə, çox vaxt hərbi güc tətbiq edib, dili və mədəniyyəti boğmaqla məsələni “həll etməyə” çalışıb.

Lakin bu dəfə vəziyyət fərqlidir. Dünya artıq başqa dünyadır. Çərkəzlər Soçi çimərliklərindən və folklor ansambllarından sıralanmayıb. Siyasi iradə sahibi bir xalq kimi beynəlxalq tribunlarda görünür.

Tarix geri dönür, amma bu dəfə xalq danışır

Çərkəzlər tarixdən gələn bu haqq savaşını sadəcə qisas deyil, ədalət axtarışı adlandırırlar. Onlar deyirlər: “Biz savaş istəmirik, amma haqsızlığa boyun əyməyəcəyik”.

Jurnalist bildirib ki, bu çağırışlar cavabsız qalarsa, çərkəzlər nəinki ayağa qalxacaq: “Həm də Rusiya tarixinə yeni bir üsyan səhifəsi yazacaqlar”.

Chosen
37
2
modern.az

3Sources