EN

Ermənipərəst Menendesin arvadına məhkəmədən ŞOK

ABŞ-də baş verən böyük korrupsiya qalmaqalında adı hallanan ermənipərəst siyasətçi və keçmiş senator Bob Menendesin həyat yoldaşı Nadine Arslanyanın cəzasız qalmaq ümidi puça çıxıb.

Federal hakim Sidni Ştayn onun, barəsində çıxarılan hökmün ləğv edilməsi ilə bağlı müraciətini rədd edib.

"Cebheinfo.az" Oxu.Az- a istinadən xəbər verir ki, bu barədə "Courthouse News Service" portalında dərc olunan məqalədə bildirilir.

Hakim bildirib ki, Nadine Arslanyanın günahı şahid ifadələri və sənədlərlə yetərincə sübuta yetirilib, yeni məhkəmə prosesinə ehtiyac yoxdur.

Qeyd edək ki, Arslanyan ötən ay məhkəməyə müraciət edərək, barəsindəki sübutların yetərsiz olduğunu, üstəlik, onu vəkilini dəyişməyə məcbur etdiklərini iddia etmişdi. O, əvvəlki vəkili Devid Şertlerin şahid qismində ifadə verməməsinin öz hüquqlarının pozulması olduğunu bildirmişdi. Lakin hakim qeyd edib ki, o, vəkil dəyişikliyindən sonra uzun müddət bu məsələyə toxunmayıb və heç vaxt Şertlerin müdafiəyə qayıtmasını tələb etməyib.

Arslanyanın vəkili Sara Krissoff məhkəmə qərarından narazı olduqlarını bildirib və 6-cı düzəlişin pozulması məsələsini ABŞ Apellyasiya Məhkəməsinə çıxaracaqlarını söyləyib.

Xatırladaq ki, Bob və Nadine Menendes cütlüyü Nyu-Cersidəki biznesmenlər və Misir rəsmilərindən rüşvət almaqda, qarşılığında senatorun siyasi nüfuzundan istifadə etməkdə ittiham olunublar. Onların evində aparılan axtarış zamanı qızıl külçələr, "Mercedes-Benz" markalı avtomobil və senatorun adının baş hərfləri olan geyimlərə doldurulmuş külli miqdarda nağd pul aşkarlanmışdı.

Bob Menendes ötən il məhkum edilərək 11 il müddətinə azadlıqdan məhrum olunub. Həbsə göndərilməzdən əvvəl o, ABŞ Prezidenti Donald Trampın diqqətini cəlb etməyə çalışaraq məhkəmə sistemini tənqid etmişdi.

Səhhətindəki problemlər - konkret olaraq döş xərçəngi diaqnozuna görə Nadine Arslanyanın işi ayrıca məhkəməyə çıxarılmışdı. Məhkəmə prosesi zamanı o, 15 maddə üzrə təqsirli bilinib: rüşvət alma, elektron vasitələrlə dələduzluq və ədalət mühakiməsinə mane olma. Ona hökm 2025-ci il sentyabrın 11-də oxunacaq.

"Cebheinfo.az" 

Chosen
10
1
cebheinfo.az

2Sources