EN

TƏXRİBAT - SÖZARDI

Yaxud, Rusiyanın İTAR-TASS agentliyi Azərbaycana qarşı qərəzli mövqeyinin arxasında nə dayanır?

Bu gün Rusiya bütövlükdə Azərbaycanın üzərinə gəlməkdədir. Günahı özündə axtarmaq, etdikləri təxribatlara görə üzrxahlıq yolları aramaq əvəzinə qərəzlərini sıralaması, həm də bunu “strateji tərəfdaşı” olan qonşusuna qarşı başlatması Rusiyanı idarə edənlərin apatiya xəstəliyinə tutulduqlarına bir işarədir. Dünya çalxalanır, bu, bəllidir. Yeni dünya nizamının formalaşmasına hazırlıq gedir, bu da aydındır. Amma yeni nizam, parçalanma deyil, sadəcə konfiqurasiyaların dəyişməsidir, bu zaman yeni dostlarla yanaşı düşmənlər də qazana bilərsən. Rusiyanın addımlarında isə dostları düşmənə çevirmək sindromu yaşanır. Səbəb də tam olaraq bəlli deyil. İmperiyaların dağılma ərəfəsində nələr yaşadığını, hansı hərəkətlər etdiyini nəzəri olaraq gözümüzün qarşısına gətirsək, Kremlin qeyri-şüuri tərzini anlaya bilərik. Dağılma ərəfəsində bütün imperiyalar quduzlaşır, hamıya cırmaq atır, dişləyir.

2020-ci ilin 10 noyabrında Vətən müharibəsinin bitməsi ilə eyni vaxtda Rusiya ordusu “sülhməramlı” adı altında Qarabağa soxuldu. Sayları 1960 nəfər olsalar da, sonradan bu rəqəm onların ailə üzvləri, fövqəladə hallar nazirliyinin əməkdaşları, işıqçılar, santexniklər, rəssamlar, heykəltaraşlar, müəllim və həkimlərin hesabına artırıldı. İş o yerə çatdı ki, hətta Xankəndi şəhərində “rus icması” da yaradıldı. Bunun ardınca növbəti təxribatlar sıralandı, Rusiyanın Müdafiə Nazirliyinin rəsmi saytında Azərbaycan şəhərlərinin adı təhrif olunmağa, ermənilərə xas olan adlarla göstərilməyə başlandı. Azərbaycan tərəfinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq Rusiyanın aidiyyəti qurumu əməllərini davam etdirməkdə israrlı olduğunu göstərdi.

Bu günlərdə isə Rusiya mətbuatında, daha doğrusu TASS agentliyində qərəzli bir məlumat tirajlanıb. Xankəndidə yerləşən erməniəsilli rusiyalı rəssam İvan (Ovanes) Ayvazovskinin abidəsi sökülüb. Bu barədə ilk olaraq məlumat yayan erməni mediası abidəni az qala qədim tarixi abidə kimi təqdim etməyə çalışıb. Halbuki, Ayvazovskinin büstü 2021-ci ilin dekabrında separatçı rejimin nümayəndələri və Rusiya sülhməramlılarının təşəbbüsü ilə “Rusiya Şöhrət Xiyabanı” adlı qanunsuz layihə çərçivəsində Xankəndidə quraşdırılıb. Diqqət edin, Azərbaycanın suveren ərazisində 5 il müddətinə yerləşdirilmiş sülhməramlılar mandatına zidd olan addımlar atır, “Rusiya Şöhrət Xiyabanı” inşa edir, Saxarovun heykəlini uzaq Moskvadan sürüyə-sürüyə Xankəndinə gətirir, onun adını daşıyan məktəbin həyətində ucaldır və digər saysız-hesabsız qanunsuzluqlara imza atır, üstəlik də Qarabağla əlaqəsi olmayan Ayvazovskinin heykəlini dikəldir. Amma unudurdu ki, bütün bunların mütləq bir sonu olacaq və oldu da. Qarabağa yad olan bütün izlər silinməli idi və bu gün artıq sonuncular da silinir.

Ayvazovskinin abidəsinin sökülməsi ilə bağlı Rusiyanın aparıcı media qurumlarından sayılan TASS da daxil olmaqla, RİA Novosti, “Kommersant”, RBK, "İzvestiya" “Gazeta.ru” kimi nüfuzluKİV-lərdə yazılan məqalələrdə diqqətçəkən bir məqam var, onlar bu hadisə barədə məlumat verərkən Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərini açıq şəkildə pozan ifadələrdən istifadə ediblər. Xəbərlərdə Xankəndi şəhəri “Stepanakert” adlandırılıb, eləcə də Azərbaycanın artıq hüquqi və siyasi baxımdan ləğv edilmiş “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidinə istinadlar yer alıb. Bu cür terminologiya təkcə jurnalistik etikaya deyil, eyni zamanda beynəlxalq hüquqa və Moskva Bəyannaməsi kimi ikitərəfli razılaşmalara ziddir.

Bu təsadüfi sayıla bilməz, çünki bu media orqanları dövlətə məxsusdur və Kremlə yaxınlıqları ilə seçilirlər. Bu kimi halların əslində qarşılıqlı hörmət və diplomatik etiket prinsiplərinə uyğun həll edilməsi gözlənildiyi halda, məsələ informasiya şousuna çevrilib, süni gərginlik yaradıb. İki ölkə arasındakı münasibətlərə ciddi xələl gətirib. Təbii ki, əgər Azərbaycan oxşar addımları atsa, bunun, Rusiyada ciddi narahatlıq doğuracağına şübhə yoxdur. Əlbəttə, informasiya müstəvisində aparılan təxribatların qarşısı alınmalı, qarşılıqlı hörmət prinsipləri qorunmalıdır.

Ermənistan silahlı qüvvələri tərəfindən Qarabağın və ətrafındakı 7 rayonun işğalı zamanı ermənilər daşı-daş üstə qoymadılar, min illərə söykənən tariximizi silib atmağa, özlərinin qondarma, saxta keşmişlərini yaratmağa çalışdılar. Təəssüf ki, bunu bacardılar, amma tam olaraq yox. Çünki, bayağı, qondarma, saxta abidələr, çürümüş mürəkkəblə yazılan tarixlər tez silinər. 44 günlük müharibədən sonra erməni separatizminə vurulan son mismar həm də sabun köpüyü ilə yazılmış tarixi bir həmlə ilə havaya uçurdu. Rusiya sülhməramlıları ermənilərin Qarabağda qalmasını cəmi 13 ay təmin edə bildilər. Haqq, ədalət öz yerini tutdu, bu torpaqlar əsl sahiblərinə qismət oldu. Qondarma tarixlər, bu tarixi isbat edən heykəllər, qondarma abidələr də, TASS-ın yazdığı kimi, “vandalizm”ə məruz qalmadı, daha dəqiq ifadə etsək, aid olmadığı yerdən götürüldü. Qeyd edək ki, sözügedən heykəl 2021-ci ilin dekabrında, Rusiya sülhməramlılarının bölgədə olduğu dövrdə və Azərbaycanın razılığı olmadan ucaldılıb.

TASS-ın ikinci bir təxribatı da tarixi Xankəndi şəhərinin “Stepanakert” adlandırmasıdır. Bu, Azərbaycanın ərazi bütövlüyünə şübhə doğuran açıq siyasi mesajdır, suverenliyimizə təhdiddir. Qarabağ artıq Azərbaycanın tam nəzarətindədir, bu şəhərdən erməni izini silməsək belə ruhən azərbaycanlılara məxsusdur, Xanın inşa etdiyi şəhərdir, erməniyə zərrə qədər də aidiyyəti olmayan bir yurd yeridir.

V.VƏLİYEV

Chosen
6
1
sia.az

2Sources