EN

Tramp Putini yola gətirə biləcək?..

Dünyanın aparıcı media orqanları ABŞ Prezidenti Donald Trampın Rusiya əleyhinə yeni tarif və sanksiya təhdidlərini geniş şəkildə müzakirə edir. Trampın tərəfdarları onun sərt ritorikasını alqışlayır. Ancaq digər ekspert və nəşrlər bu addımların gözlənildiyi kimi nəticə verməyəcəyini, əksinə, Putinin mövqeyini gücləndirə biləcəyini düşünür.

Qeyd edək ki, Tramp Rusiyaya avqustun 8-dək vaxt verib, əks təqdirdə yeni tariflər və sanksiyalarla hədələyib.

Kanadanın CBC kanalı yazır ki, Trampın atəşkəs üçün təyin etdiyi yeni sərt vaxt məhdudiyyəti Moskvada ciddi qarşılanmayıb. ABŞ-ın Rusiyanın əsas enerji alıcılarına, o cümlədən Çinə qarşı real addım atıb-atmayacağı sual altındadır. Xüsusilə Vaşinqtonun Pekinlə paralel ticarət danışıqları apardığı bir vaxtda bu risklər daha çox önə çıxır.

Hindistanın "Economic Times" nəşri isə qeyd edir ki, Trampın sanksiya təhdidləri Rusiyada rublun ucuzlaşmasına və neft qiymətlərinin qalxmasına səbəb ola bilər. Bu isə qısa müddətdə Rusiya büdcəsinə əlavə gəlir gətirə və sanksiyaların əsas hədəfini neytrallaşdıra bilər. "Əgər enerji ixracından gəlirlər azalarsa belə, rublun zəifləməsi bu itkiləri kompensasiya edə bilər", - deyə ekspertlər bildirir.

CNN-in şərhində deyilir ki, Tramp getdikcə səbirini itirir və daha sərt addımlar atmağa hazır olduğunu göstərir. Lakin artıq yüzlərlə sanksiya altında olan Rusiyanı bu cür hədələrlə dayandırmaq çətin görünür. Kreml öz məqsədlərindən geri çəkilmək niyyətində deyil və mövcud iqtisadi təzyiqlər ona təsir etmir.

"New York Post" isə Trampın Hindistana yönəlik 25 faizlik tarif xəbərdarlığını xüsusi vurğulayıb. Məlumata görə, Rusiya üçün ikinci ən vacib ticarət tərəfdaşı olan Hindistan bu təzyiq qarşısında ABŞ-la qarşıdurmaya getmək istəməyəcək. Bu isə Moskvanın iqtisadi manevr imkanlarını azalda bilər.

Yekun olaraq, Trampın sərt ritorikası qlobal siyasi səhnədə səs-küy yaratsa da, analitiklər bu tədbirlərin gözlənilməz nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edirlər. Bəzi hallarda isə bu siyasətin elə Putinin işinə yaraya biləcəyi ehtimal olunur.

Elnur Əmirov

Chosen
20
1
modern.az

2Sources