ain.az bildirir, Modern.az saytına əsaslanaraq.
Avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur.
Bu münasibətlə Modern.az Azərbaycanın rəsmi dili ilə bağlı aparılan yeni qiymətləndirmə prosesinə dair araşdırma aparıb.
Azərbaycan dilini öyrənmək və bu sahədə rəsmi səviyyədə biliklərini təsdiqləmək istəyənlər üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanı (ADSİ) təşkil olunur. İmtahan beynəlxalq standartlara – CEFR (Dillər üzrə Ümum-Avropa Tövsiyə Çərçivə Sənədi) əsasında A1-dən C2-yə qədər səviyyələr üzrə keçirilir.
Azərbaycan Dili üzrə Sertifkasiya imtahanında iştirak edənlərlə bağlı məlumat əldə etmək üçün Dövlət İmtahan Mərkəzinə (DİM) sorğu ünvanladıq.
DİM-dən sorğuya cavab olaraq bildirilib ki, onlayn platformanın ictimaiyyətə təqdim olunmasından ötən müddətdə 976 nəfər (621 qadın və 355 kişi) qeydiyyatdan keçib və onlardan yalnız 752 nəfər imtahanda iştirak edib. Qeydiyyatdan keçənlər arasında ali təhsilli şəxslər (bakalavriat – 202 nəfər, magistratura – 203 nəfər, doktorantura – 95 nəfər) üstünlük təşkil edir. Sınaq imtahanı iştirakçıları arasında 62 nəfər xarici ölkə vətəndaşı da var.
Əlavə olaraq məlumatda qeyd edilib ki, ADSİ imtahanı Azərbaycan dilini xarici dil kimi öyrənən və rəsmi olaraq bilik səviyyəsini təsdiqləmək istəyənlər, Azərbaycanda işləmək və ya təhsil almaq arzusunda olan xarici vətəndaşlar, Azərbaycan dili üzrə bilik səviyyəsini beynəlxalq standartlara uyğun qiymətləndirmək istəyən şəxslər üçün nəzərdə tutulub.
“Azərbaycan dili Sertifikasiya İmtahanında iştirak edən şəxslərin nəticələri beynəlxalq standartlara uyğun (CEFR – Dillər üzrə Ümum-Avropa Tövsiyə Çərçivə Sənədi) qiymətləndiriləcək. İmtahanın nəticəsinə əsasən, namizədlərə müvafiq dil səviyyəsini (A1 – C2) göstərən sertifikat təqdim edilir. Bu sertifikat Azərbaycan dili üzrə bilik səviyyəsini rəsmi şəkildə təsdiq edəcək, təhsil, iş və digər sahələrdə istifadə imkanları yaradacaq”, - qurumdan bildirilib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.