“Zəngəzur dəhlizinin biznes idarəçiliyi özəl sektora həvalə oluna bilər”.
Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan belə deyib. Onun sözlərinə görə, proses Ermənistanın ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası çərçivəsində həyata keçirilməlidir.
“Yeri gəlmişkən, Ermənistanda magistral yolların saxlanması və idarə olunması həmişə özəl şirkətlərə həvalə olunub”, - deyə Baqdasaryan əlavə edib.İyulun 30-da Zəngəzura səfər edən Ermənistan Prezidenti VaahnXaçaturyan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən yolun açılmasınınvacibliyindən danışıb.
O, yerli sakinlərlə keçirilən görüşdə bildirib:
“Əgər biz Sünikin (Zəngəzur) qapılarını aça bilsək-43 kilometrin imkanlarını nəzərdə tuturam- əmin ola bilərsiniz ki, gələcək bizə inkişaf üçün böyük imkanlar təqdim edəcək. Məqsədimiz tezliklə Azərbaycanla sülh sazişini imzalamaqdır”.
Ermənistan hakimiyyətinin rəsmi açıqlamaları Zəngəzur dəhlizinin açılacağına dair rəylərin yaranmasına səbəb olub. Yəni Ermənistan rəhbərliyi nəqliyyat-kommunikasiya vasitələrini blokdan açmağa hazır olduğuna dair mesajlar verir. Lakin həm Prezident Xaçaturyanın, həm də bir gün sonra Bağdasaryanınaçıqlamalarına diqqət yetirdikdə, Ermənistanın bu məsələdə ilkin şərt irəli sürdüyünü görmək olar.
Prezident Xaçaturyanınsözlərindən də görünür ki, Ermənistan tərəfi Azərbaycanın qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat-kommunikasiya əlaqələrini təmin etməyə razılaşa bilər. Beləliklə, Ermənistan tərəfi 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndində üzərinə götürmüş öhdəliyi yerinə yetirmiş olar.
Lakin Ermənistan Zəngəzur dəhlizinin 10 noyabr Bəyanatı əsasında açılmasına qarşıdır. Yəni Nikol Paşinyan hökuməti nəqliyyat-kommunikasiya vasitələrinin təhlükəsizliyinin Rusiya FTX-nin sərhəd qoşunlarına həvalə edilməsini istəmir. Çünki rəsmi İrəvan Rusiya sərhədçilərinin yerləşdiyi ərazidə dəhliz statusunun yaranmasını Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə zidd hesab edir.
Bunu NazeliBağdasaryanınaçıqlamasından da görmək olar. Yəni Ermənistan Zəngəzur dəhlizinin daha çox ABŞ-nin irəli sürdüyü “yol xəritəsi” əsasında açılmasının tərəfdarı kimi görünür. NazeliBağdasaryanın bəyanatında da qeyd edildiyi kimi, söhbət magistral yolların özəl şirkətin idarəçiliyinə verilməsindən gedir.
Daha dəqiq desək, ABŞ-nin Türkiyədəki səfiri Tomas Barakın dediyi kimi, Ermənistan Zəngəzurdan keçən və Azərbaycanın dəhliz adlandırdığı 42 kilometrlik yolu 99 il müddətinə Amerikanın təhlükəsizlik şirkətinin nəzarətinə verir. Ermənistan rəhbərliyi bunun mümkünlüyünə işarə edən açıqlamalar versə də, dolayısı ilə prosesin kompromis əsasında həyata keçirilməsini vurğulayır.
Prezident Xaçaturyan “Sünik qapısı” ifadəsini işlətməklə, yaxud Bağdasaryan prosesi Ermənistanın suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası çərçivəsində həyata keçirməyi təklif etməklə Zəngəzurda eksterritoriallığa qarşı olduqlarını bildiriblər. Bununla da Ermənistan Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında magistral yolları yalnız dəhliz statusundan imtina etməklə açmağa hazır olduğuna işarə edir.
Ancaq istər Xaçaturyanın, istərsə də Bağdasaryanın bəyanatları Nikol Paşinyanın Əbu-Dabidə Azərbaycan Prezidenti ilə müzakirə etdiyi “yol xəritəsi” əsasında Zəngəzur dəhlizini açmağa hazır olduğuna dair birmənalı fikir yaratmır. Çünki əvvəlcə Tramp administrasiyasının təklifi ilə Zəngəzur dəhlizini autsorsinq prinsipi əsasında ABŞ şirkətinin idarəçiliyinə verməyə razılaşan Paşinyan iyulun 24-də Altayda Rusiyanın Baş naziri MixailMişustinlə görüşdən sonra bu məsələdə əks-mövqe nümayiş etdirdi.
Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı ArmenYeqoyan isə Ermənistan ərazilərini başqa dövlətə icarəyə verməyəcəklərini bəyan etdi. Mediada yayılan məlumatlara görə, Yeqoyanın açıqlaması Mişustinin etirazı və Paşinyanın öz mövqeyindən geri çəkilməsindən sonra baş verib. Rusiya hökuməti bildirib ki, Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvüdür.
Zəngəzurdan keçən yollar ABŞ şirkətinin icarəsinə veriləcəyi təqdirdə, AİB-lə İranı birləşdirən quru əlaqəsi kəsilə bilər. İranla AİB arasında yaradılmış azad iqtisadi zonaya çıxış bağlanacaq. Ermənistan ərazisi isə iqtisadi baxımdan iki hissəyə bölünəcək. Bu halda Ermənistan ölkənin şimalında və cənubunda ayrı-ayrı gömrük və iqtisadi qaydalar tətbiq edə bilməz. Nəticədə, Nikol Paşinyan Trampın Zəngəzur dəhlizi planından imtina edib.
Buradan görünür ki, Ermənistanın Baş naziri Zəngəzur dəhlizi məsələsində qeyri-sabit mövqe tutur. Paşinyan Rusiya ilə siyasi “bazarlığ”a getməyə çalışır. Söhbət gələn il keçiriləcək parlament seçkilərində Rusiyanın Nikol Paşinyan hakimiyyətinə münasibətindən gedir.
Əgər Rusiya müxalifətə və kilsəyə dəstəyini dayandırıb Paşinyanı devirmək planlarından imtina edərsə, Ermənistanın Baş nazirinin də ABŞ-nin təklifi əsasında Zəngəzur dəhlizini açmağa razılıq verməyəcəyi açıq görünür. Ona görə də Prezident Xaçaturyanın və Bağdasaryanınaçıqlamaları daha çox Rusiyaya təzyiq məqsədi daşıyan siyasi manipulyasiyadır.
Bu variant Azərbaycanın da maraqlarına cavab vermir. Çünki Azərbaycan Naxçıvan MR ilə maneəsiz və təhlükəsiz nəqliyyat əlaqəsinin qurulmasını tələb edir. Ermənistan isə dəhliz prinsipindən imtina etməklə Azərbaycanın təkliflərinə qarşı çıxmış olur.