EN

Fövqəladə hallar naziri Beynəlxalq Mülki Müdafiə Təşkilatının yeni Baş katibi ilə görüşüb

Bakı, 1 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) yeni Baş katibi Ərgüc Kələntərli ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nazir K.Heydərov cari il iyulun 8-dən 10-dək Bakıda keçirilən BMMT-nin İcraiyyə Şurasının 58-ci sessiyasının, eyni zamanda təşkilatın Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasında Azərbaycan nümayəndəsinin BMMT-nın yeni Baş katibi seçilməsini ölkəmiz adına uğurlu nailiyyət adlandırıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasının iştirakçılarına müraciətini xatırladan nazir respublikamızın hər zaman mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayıb.

K.Heydərov əminliklə qeyd edib ki, bundan sonra da ölkəmiz fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Beynəlxalq Mülki Müdafiə Təşkilatı ilə əməkdaşlıq əlaqələrini daha da gücləndirəcək, onun inkişafına öz töhfəsini verəcək.

İlk rəsmi səfərini Azərbaycana reallaşdıran Beynəlxalq Mülki Müdafiə Təşkilatının yeni Baş katibi Ərgüc Kələntərli səmimi görüşə görə təşəkkürünü bildirib, ona göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib. Azərbaycan və Beynəlxalq Mülki Müdafiə Təşkilatı arasındakı əlaqələrin daha da inkişafı üçün səy göstərəcəyini bildirən Ə.Kələntərli fövqəladə hallarla mübarizə məsələlərində real nəticələrin birgə və əlaqəli fəaliyyət sayəsində əldə ediləcəyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər geniş müzakirə edilib.

Chosen
41
17
azertag.az

10Sources