EN

Azərbaycan Rusiya ilə müttəfiqlik bəyannaməsindən imtina edə bilərmi? – “Milli maraqlarımızın pozulmasına imkan verməyəcəyik”

“Rusiyanın aparıcı informasiya agentliklərindən biri olan “TASS”ın Xankəndi ilə bağlı buraxdığı səhvə Azərbaycanın etirazı Rusiyanın növbəti səhvi buraxmasına gətirib çıxardı. Belə ki, onlar Azərbaycanın əzəli torpağı olan Xankəndinin adını “Stepanakert” kimi yazmışdılar. Azərbaycan qəti etirazını bildirəndən sonra onlar “Dağlıq Qarabağ” ifadəsini yazdılar. Hər halda imkan vermədik ki, qədim Azərbaycan şəhərinin adı səhv, Azərbaycan həqiqətlərini təhrif edərək yazsınlar. Azərbaycan normal qonşuluq münasibətlərini, daima yaxşı münasibətlərdə olmaq perspektivini əsas götürərək milli maraqlarının pozulmasına heç vaxt imkan verməyəcək və bu məsələdə öz maraqlarını qoruyacaq. Fikir ayrılığı olan mövzularda isə bütün sahələr üzrə işləməyə, ümumi nəticələrə gəlməyə hazırıq”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Aydın Mirzəzadə deyib.

 

Deputat Azərbaycanın Rusiya ilə müttəfiqlikdən imtina edib-etməyəcəyi ilə bağlı suala isə belə cavab verib: “Görünən budur ki, Rusiyadan Azərbaycanla bağlı qeyri-dostluq münasibətləri rəsmi hakimiyyət orqanları tərəfindən deyil, ayrı-ayrı cəmiyyətin subyektləri tərəfindən sərgilənir. Rəsmi səviyyədə isə Azərbaycanla normal münasibətlər arzuediləndir. Rəsmi Bakı bunu əsas götürür. Bununla belə, istənilən anti-Azərbaycan hücumlarına qarşı Azərbaycan həmişə cavab verir. Bundan sonra da belə olacaq. Ümumiyyətlə, dövlətlər arasındakı münasibətlər insanlar arasındakı münasibətlərin daha yüksək formasıdır. Hətta ən yaxın adamlar arasında belə narazılıq, fikir ayrılığı, yaxud da fərqli mövqelər ola bilər. Azərbaycan və Rusiya qonşu dövlətlərdir. Bir çox sahələrdə əməkdaşlıqlarımız var. Təbii ki, müəyyən məsələlərdə fikir ayrılıqları da özünü göstərir. Bu məsələlərdə öz mövqeyimizi qoruya bilirik”.

 

Aytəkin Qardaşova

Tarix: 1 Avqust 2025, 14:44   
Chosen
10
pravda.az

1Sources