EN

Zəngəzur toqquşması: Güc kimin tərəfindədir?

"ABŞ ilə Rusiya arasında Zəngəzur dəhlizinə nəzarət uğrunda qızğın mübarizə gedir". 

Bu sözləri "Cümhuriyət"-ə açıqlama verən siyasi şərhçi Əli Mustafa deyib. 

O hesab edir ki, Zəngəzur dəhlizinin Ermənistan tərəfindən keçəcək hissəsinə ABŞ-nin nəzarət etmə ehtimalı daha yüksəkdir: 

"Böyük ehtimalla, Zəngəzur dəhlizinin Ermənistandan keçəcək hissəsinə ABŞ nəzarət edəcək. Çünki ABŞ Rusiyadan daha güclüdür. Üstəlik, Ermənistanın Baş naziri Nikol Paşinyan da Vaşinqton tərəfindən dəstəklənir. Hər halda, Rusiyanın da etirazı və müqaviməti olacaq. Lakin güc nisbəti ABŞ-nin xeyrinədir. İran da bundan məmnun deyil, amma ABŞ-yə açıq etiraz imkanları məhduddur". 

Ekspert qeyd edib ki, belə olan halda sadəcə Rusiya etiraz edə bilər: 

"Bu isə Rusiya-Ukrayna müharibəsində ABŞ-nin daha qəti addımlar atmasına gətirib çıxaracaq. Yəni müqavimətin ciddi nəticəsi olmayacaq. Əgər Zəngəzur dəhlizinə kənar qüvvə nəzarət edəcəksə, bunun ABŞ olma ehtimalı daha böyükdür". 

Siyasi şərhçi bildirib ki, Ermənistandakı rus agentləri də dəhlizə nəzarətin Rusiyaya keçməsi üçün çalışacaqlar: 

"Əslində, bu, həmin agentlərin öz mövqeyi deyil, onlara gələn tapşırıqdır. Kreml onlara tapşırıb ki, Vaşinqtonun Ermənistandakı mövcudluğuna mane olmaq lazımdır. Ancaq Ağ Ev elə əlverişli bir məqam seçib ki, Rusiya ağır dönəmində gözləmədiyi halda Zəngəzur dəhlizinə nəzarəti itirmək üzrədir. 

Hətta iddialara görə, artıq İrəvan və Vaşinqton arasında bununla bağlı ilkin razılıq da əldə olunub. Belə bir şəraitdə Rusiya artıq ABŞ-yə qarşı müqavimət göstərə bilmir. Son günlər rusların Gümrüdəki 102-ci bazaya daşıdıqları silahlar da yəqin ki, buna reaksiyadır". 

Əli Mustafanın fikrincə, ABŞ ilə Rusiya arasında Zəngəzur dəhlizinə görə hərbi toqquşma da mümkündür: "Zəngəzur dəhlizinə görə Rusiya və ABŞ arasında qarşıdurma da ola bilər. Yəni Ermənistanın daxilində Rusiya və ABŞ arasında hərbi toqquşmanın baş verməsi mümkündür. Rusiya Zəngəzur dəhlizini ABŞ-yə güzəştə getmək fikrində deyil, amma bunun üçün kifayət qədər resursu yoxdur. Düşünürəm ki, hər şeyə rəğmən, ABŞ Ermənistanda daha güclüdür. Lakin Rusiya Zəngəzur dəhlizinin ABŞ-nin nəzarətinə keçməsinin qarşısını almaq üçün Ermənistanda vətəndaş müharibəsi də yarada bilər". 

Həmsöhbətimiz onu da diqqətə çatdırıb ki, ABŞ Prezidenti Donald Tramp bu dəhlizə nəzarəti götürmək üçün çalışır: 

"Üstəlik, Ermənistan hakimiyyəti də dəhlizə nəzarətin ABŞ-yə verilməsində daha maraqlı görünür. Moskva ilə Paşinyan arasında olan gərginliyin səbəblərindən biri də məhz dəhlizdir. Əslində, kimsə ABŞ-nin belə bir iddia ilə çıxış edəcəyini gözləmirdi. 

Sanki Tramp sürpriz etdi. Rusiya bir də ayıldı ki, artıq Ermənistanla ABŞ arasında bu istiqamətdə danışıqlar gedir. Hətta buna "Tramp körpüsü" də deyirlər. Məncə, Vaşinqton Zəngəzur dəhlizinə nəzarətdə israrlıdır. Ağ Ev bu strateji əhəmiyyətə malik yolun Rusiyanın nəzarətində olmasını istəmir. Çünki bu, ABŞ üçün həyati əhəmiyyət daşıyan strateji məsələdir. Bu məsələdə ABŞ Rusiyaya güzəştə getməyəcək". 

Xatırladaq ki, Ermənistandakı hakim “Mülki Müqavilə” partiyasından olan deputat Arsen Torosyan “Facebook” səhifəsində Zəngəzur dəhlizi ilə bağlı post paylaşıb. O deyib ki, rus agentləri Ermənistan ərazisindən Rusiyaya dəhliz vermək istəyirlər:

“İndiki Ermənistan hakimiyyəti isə dörd prinsip çərçivəsində bütün kommunikasiyaların blokunu açmaq istəyir, bizim fərqimiz budur”. 

Erməni siyasi ictimaiyyətinin əhəmiyyətli bir hissəsi 9 noyabr Bəyanatına istinad edərək, artıq bir neçə ildir ki, “Rusiya dəhlizi”nin təmin edilməsinin qaçılmaz olduğunu deyir. Bildirirlər ki,  biz bunu nə qədər tez etsək, bir o qədər yaxşıdır. 

Bu prinsiplərin kiminlə “pozulduğunun” heç bir əhəmiyyəti yoxdur. İndi bütün rus agentləri “Amerika dəhlizi”nə qarşı mübarizə aparmağa tələsirlər. Əks halda fəlakət baş verəcək, çünki onların fikrincə, indi onu Rusiya deyil, Birləşmiş Ştatlar götürəcək”.

Chosen
9
1
cebheinfo.az

2Sources