EN

"Sabah"ın 111 yaşlı rəqibi: Bolqarıstan futbolunun xalq klubu

“Sabah”ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu, 111 yaşlı “Levski”dir.

"Levski" Bolqarıstanın ən köklü və tanınmış futbol komandalarından biridir. Klub 24 may 1914-cü ildə Sofiyada bir qrup tələbə tərəfindən yaradılıb və adını Bolqarıstanın milli qəhrəmanı Vasil Levskidən alıb. "Levski" yarandığı gündən xalq klubu olaraq tanınıb və xüsusilə işçi sinfinin, tələbə gənclərin böyük dəstəyini qazanıb.

Klub 1920-ci illərdən etibarən ölkənin ən güclü komandalarından birinə çevrilib. Komandanın ev oyunlarını keçirdiyi "Georgi Asparuhov" stadionu isə Bolqar futbolunun simvollarından biri kimi tanınır. Klubun əzəli rəqibi ÇSKA-dır. Bu iki komanda arasında oynanan matçlar “Əbədi derbi” kimi tanınır.

"Levski" Bolqarıstan A qrupunun (indiki Birinci Peşəkar Futbol Liqası) ən uğurlu klublarından biridir. Klub indiyədək 26 dəfə Bolqarıstan çempionu olub. İlk çempionluğunu 1933-cü ildə qazanan "Levski", xüsusilə 1940–50-ci və 1970–80-ci illərdə dominant oyun sərgiləyib. Komanda sonuncu çempionluğunu isə 2009-cu ildə qeyd edib. 

"Levski" həmçinin Bolqarıstan Kubokunun ən uğurlu komandalarından biridir. Klub indiyədək 26 dəfə bu turnirin qalibi olub. 1942-ci ildə ilk kubokunu qazanan komanda 1980-ci illərdə arxa-arxaya bir neçə dəfə kuboku qazanaraq tarixə düşüb. 

Sofiya klubu Bolqarıstanı avrokuboklarda uzun illər təmsil etmiş və müəyyən uğurlar qazanmış nadir klublardandır. “Levski” 2006/07 mövsümündə UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Bolqarıstan klubu olub. Həmin mövsümdə "Barselona", "Çelsi" və "Verder Bremen" kimi klublarla qarşılaşan komanda təcrübə baxımından böyük qazanc əldə edib.

Klub UEFA Kuboku və daha sonra Avropa Liqası formatında bir neçə dəfə qrup mərhələsində iştirak edib. 2005/06 mövsümündə isə klub Avropa Liqasının 1/4 finalına qədər irəliləyib ki, bu, indiyədək Bolqar futbol tarixində nadir hal sayılır. Həmin mövsümdə "Marsel", "Udineze" və "Artmedia" kimi klubları məğlub edən Levski, Avropada adından ciddi şəkildə söz etdirməyi bacarıb.

Komandanın yolu bir dəfə Azərbaycandan da keçib. Klub 2009-10 mövsümündə Çempionlar Liqasında “Bakı”ya rəqib olub. III təsnifat mərhələsinin Sofiya keçirilən görüşündə meydan sahibləri 2:0 hesablı qələbəyə sevinib. Bakıdakı matç isə qolsuz bərabərliklə nəticələnib.

“Levski” UEFA-nın keçmiş turniri olan Kuboklar Kubokunda da bir neçə dəfə iştirak edib və 1/4 finala qədər irəliləyib.

Lakin klub yalnız nəticələrinə görə deyil, həm də yetişdirdiyi futbolçularla tanınır. Klubun akademiyası Bolqarıstan futboluna bir çox istedadlar bəxş edib. Bunların arasında 1970-80-ci illərin ulduzlarından sayılan Hristo Bonev, ABŞ-də keçirilən DÇ-1994-də komandanın uğurlu çıxışında pay sahibi olan Nasko Sirakov, ölkənin futbol federasiyasının hazırkı prezidenti Borislav Mihaylov, Georgi Asparuhov, Stilian Petrov, Valeri Bojinov kimi futbolçular yer alır.

"Araz-Naxçıvan" növbəti mərhələdə - YENİLƏNİB

AL: "Beşiktaş" "Şaxtyor"la bacarmadı - YENİLƏNİB

"Sabah"dan darmadağın - YENİLƏNİB

Matiya Şpiçiç: “Hayduk” “Zirə”ni keçə bilməsə..."

“Qarabağ”ın “Şkendiya” ilə matçlarının hakimləri müəyyənləşib

Chosen
30
1
apasport.az

2Sources