EN

Səfir: Payızda Varşava-Bakı münasibətlərinin gündəliyi zəngin olacaq

Payız Azərbaycan-Polşa münasibətlərində zəngin gündəlik vəd edir - Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi nəzərdə tutulub.

Bu barədə “Report”a müsahibəsində Polşanın Azərbaycandakı yeni səfiri Pavel Radomski bildirib.

"Bakı və Varşava arasında qarşılıqlı fəaliyyətdə artıq, necə deyərlər, daimi və ya institutlaşdırılmış ünsiyyət mexanizmləri formalaşıb. Belə alətlərdən biri xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən müntəzəm siyasi məsləhətləşmələrdir. Biz bu təcrübəni davam etdirmək niyyətindəyik: hazırda növbəti məsləhətləşmələr raundunun təşkili üzərində işləyirik. Bu isə planlaşdırdığımız kimi bu ilin payızında Varşavada keçiriləcək. Hazırda bu məsləhətləşmələrin keçirilməsi üçün konkret tarixin müəyyənləşdirilməsi üzərində işləyirik", - diplomat bildirib.

P.Radomski vurğulayıb ki, hazırda tərəflər Hökumətlərarası Komissiyanın növbəti iclasının konkret tarixinin razılaşdırılması prosesi gedir: "İlkin olaraq Komissiyanın iclasının bu ilin payızında Varşavada keçirilməsi planlaşdırılır. Beləliklə, payız mövsümü çox zəngin olmağı vəd edir".

Hökumətlərarası Komissiya barədə danışan səfir, necə adlandırılmasından asılı olmayaraq onun iclasını işgüzar görüş və ya biznes forum ilə birləşdirməyi məqsədəuyğun hesab etdiyini bildirib.

"Fikrimcə, biznes nümayəndələri, eləcə də hər iki ölkənin şirkətləri arasında birbaşa əlaqələr mühüm əhəmiyyət daşıyır. Məhz belə görüşlər və formatlar dialoqda daha konkret olmağımıza imkan verir. Onlar təkcə əməkdaşlığın konkret istiqamətlərini müəyyən etməyə deyil, həm də dəqiq vəzifələri, eləcə də onların yaxın gələcəkdə həyata keçirilməsi üçün son tarixləri müəyyən etməyə imkan yaradır", - P.Radomski qeyd edib.

Müsahibənin tam versiyası ilə buradan tanış ola bilərsiniz.

Chosen
17
report.az

1Sources