BAKI, 1 avqust. TELEQRAF
“Zəngəzur dəhlizində qərarvermə səlahiyyəti Ermənistanda olmayacaq”.
Teleqraf xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.
Ekspert Ermənistan Baş naziri Nikol Paşinyanın sözçüsü Nazeli Baqdasaryanın dünənki açıqlamasında dolayı yolla buna eyham vurduğunu bildirib:
“Baqdasaryan bəyan edir ki, Ermənistan ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası başqasına həvalə edilə bilməz, amma (Qərbi Zəngəzurdan keçən) dəmir yolları, boru kəmərləri, elektrik xətlərinin istifadəsi (və ya idarəetməsi) kənar şirkətə verilə bilər.
İdarəetmə əməliyyatı qiymət, giriş və ya istifadə şərtləri ilə bağlı qərar qəbul etmək səlahiyyəti deməkdir. Əgər həmin səlahiyyət xarici dövlətə və ya onun nəzarətində olan struktura verilirsə, o zaman biz praktikada suverenliyin məhdudlaşdırılması ilə üzləşirik, hətta formal olaraq Ermənistanın suverenliyi və yurisdiksiyası qorunub saxlanılsa belə. “Biz yurisdiksiyanı yox, idarəetməni həvalə edə bilərik” iddiasının məntiqi ziddiyyətlidir”.
Xatırladaq ki, bundan öncə ABŞ-nin Türkiyədəki səfiri Tomas Barrak bəyan etmişdi ki, ölkəsi Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib. Diplomat vurğulamışdı ki, ABŞ tərəfindən Zəngəzur dəhlizinə 100 il müddətinə nəzarət etmək təklif olunub.