EN

Fərid Qayıbov: “İdmanının inkişafına diqqət və dəstək gələcəkdə daha böyük uğurların qazanılmasına zəmin yaradır”

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“İyul maraqlı fəaliyyətlər, mühüm hadisələrlə yadda qaldı. Yay fəslinin dinamik axarında ay ərzində beynəlxalq idman yarışlarında uğurlu çıxışlar, paytaxtda və regionlarda gənclərlə birbaşa ünsiyyət, sağlam həyat tərzinin təşviqi və gənclərin ictimai proseslərdə fəal iştirakı ilə bağlı əhəmiyyətli təşəbbüslər həyata keçirildi”.

İdman.biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov iyul ayını dəyərləndirərkən deyib.

O, sayca 47-ci “Nazirin Nöqteyi-Nəzəri”ndə bildirib ki, Azərbaycan və Gürcüstan gəncləri birləşəndə coğrafi sərhədlər yerini yeni imkanlara verir və bizim vəzifəmiz onları genişləndirməkdir: “Məhz ölkə başçımızın tapşırıqlarına istinadən iki ölkədən yüzlərlə gəncin bir yerə toplandığı Azərbaycan - Gürcüstan “Gənclər Həftəsi”, Quba şəhərində ənənəvi “Azərbaycan – Gürcüstan Gənclərinin Düşərgəsi”, gənclər paytaxtımız Sumqayıtda seminarlar, həftənin yekununda isə Bakıda keçirilən Forum strateji tərəfdaşlığımızı daha da möhkəmləndirdi. Biz gənclərlə yalnız rəsmi tribunada deyil, düşərgə mühitində, hər bir fərqli məkanda eyni dərəcədə açıq və səmimi söhbətlər apardıq. Bu format növbəti addımları aydın görməyə canlı imkanlar yaratdı. Həmkarım – təhsil, elm və gənclər naziri Givi Mikanadzenin də nazir kimi ilk xarici səfərini məhz Azərbaycana bu həftə çərçivəsində etməsi əməkdaşlığımıza verilən önəmin açıq göstəricisi oldu”.

Qayıbov vurğulayıb ki, idman qurumları ilə birgə fəaliyyətin gücləndirilməsi və qarşılıqlı fikir mübadiləsinin aparılması məqsədilə federasiya nümayəndələri ilə sayca 21-ci görüş də iyula təsadüf edib: “Görüş zamanı son dövrdə görülən işlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələr ətrafında geniş müzakirələr apardıq. Bu cür görüşlər federasiyalarla əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Ənənə üzrə beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil etmiş idmançılarımızla da görüşdük. Sevindirici hal odur ki, hər dəfə medal qazanan idmançıların sırası genişlənir və tanınmış idmançılarla yanaşı, uğur əldə edənlər arasında yeni, gənc idmançılar üzə çıxır”.

Nazir Almaniyada keçirilən XXXII Ümumdünya Yay Universiadasında bədii gimnastika üzrə qrup hərəkətləri komandamız müxtəlif proqramlarda 2 qızıl və 1 gümüş medal qazanaraq Universiada tarixində uğurlu debüt etdiyini bildirib: “Cüdo komandamız yarışda gümüş medal qazandı. Komandamız ötən universiada ilə müqayisədə ümumi sıralamda 14 pillə irəliləyişə nail olaraq 24-cü yerə yüksəlib. Yay mövsümünün mühüm multi-idman yarışlarından biri olan Avropa Gənclər Yay Olimpiya Festivalı bu dəfə Şimali Makedoniyada keçirildi. Maraqlı hal odur ki, gənc idmançılarımızın bu dəfə qazandığı medalların sayı və əyarı 2023-cü ildəki nəticəmizlə eyni oldu – 3 qızıl, 3 gümüş, 4 bürünc medal. İlk dəfə Avropa Gənclər Paralimpiya Oyunlarında iştirak etdik. Burada da idmançılarımız uğurla çıxış edərək 4 qızıl, 2 gümüş və 7 bürünc olmaqla 13 medal qazandılar. Növbəti yaxşı xəbər Azərbaycan İdman Akademiyasının tələbələrindən gəldi. Onlar tarixdə ilk dəfə olaraq, universitetlər arasında futzal üzrə Avropa çempionu oldular. Qələbələr münasibətilə bütün idmançılarımızı təbrik edirəm və yeni uğurlar arzulayıram”.

Qayıbov qeyd edib ki, dövlət qurumlarının əməkdaşları arasında idman yarışları da davam edir: “Bu dəfə üzgüçülük və stend atıcılığı yarışları keçirildi. Təbii ki, bu yarışların əsas məqsədi əhalini idmana, sağlam həyat tərzinə daha çox cəlb etməkdir. Artıq dövlət qurumlarında idman klublarının sayı çoxalır və bu bizi sevindirir. Ölkəmizdə texniki idman növlərinə də maraq artır. Bakıda avtomobil idmanını sevənləri bir araya gətirən “Legends of the Night” yarışında ekstremal drift və stunt şoular izləyiciləri valeh etdi. Həmçinin “Moto X Club”ın fəaliyyəti ilə tanışlığımız oldu. Burada biz Azərbaycan Motosiklet İdmanı Federasiyasının rəhbərliyi ilə müzakirələr apardıq”.

Nazir bildirib ki, ölkə başçısının verdiyi müvafiq tapşırıqlara əsasən, müxtəlif qurumlar tərəfindən Azərbaycan gənclərinə dövlət qayğısı ilbəil genişlənir: “Həyata keçirilən tədbir və təşəbbüslər gənclərimizin inkişafı, idmançılarımızın uğurları baxımından effektiv rol oynayır. Şübhəsiz, Azərbaycan gəncliyi və idmanının inkişafına göstərilən diqqət və dəstək gələcəkdə daha böyük uğurların qazanılmasına zəmin yaradır”.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
22
1
icma.az

2Sources