EN

Azərbaycan dilində danışanların sayı 80 milyona YAXINLAŞIR ARAŞDIRMA

Modern.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. 

Azərbaycan dili yalnız Azərbaycan Respublikasının rəsmi dili olmaqla kifayətlənmir, bu gün dilimiz on milyonlarla insanın gündəlik ünsiyyət vasitəsinə çevrilib.

Modern.az dünyada Azərbaycan dilində danışanların sayı barədə araşdırma aparıb.

Öncədən onu qeyd edək ki. hazırda dünya üzrə Azərbaycan dilində danışanlar sayı barədə səhih informasiya mövcud deyil.

Azərbaycan dilində danışanların coğrafiyası da böyüyüb. Əgər əvvəllər bu rəqəm əsasən Azərbaycan, İran, Türkiyə və digər qonşu ölkələrlə məhdudlaşdırılırdısa, son illərdə diasporun genişlənməsi, miqrasiya və media təsiri nəticəsində dilin əhatə dairəsi xeyli genişlənib. Buna görə dəqiq sayı müəyyən etmək çətindir.

Rəsmi açıqlamalarda Azərbaycan dilində danışanların 50 milyon civarında olduğu bildirilir. Məsələn ötən il Dövlət İmtahanı Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib ki, bu gün dünyada 50 milyon insan Azərbaycan dilində danışır və anlayır.

Ancaq qeyri-rəsmi hesablamalara görə, hazırda dünya üzrə Azərbaycan dilində danışanların sayı 75-80 milyon arasındadır.

İran ərazisində Azərbaycan dilində danışanların sayı ilə bağlı müzakirələr isə daha böyükdür. Tehran Azərbaycan dilinə qarşı sistematik siyasət aparsa da, Cənubi Azərbaycanda ana dilində təhsil uğrunda mübarizə davam edir. İran azərbaycanlıların ən çox yaşadığı ölkədir. Burada Azərbaycan dili həm ailədaxili, həm də ticarət münasibətlərində geniş istifadə olunur.

İranda azərbaycan dilində danışanların sayı 30 milyondan çoxdur. Amma bəzi mənbələrdə bu rəqəm 35 milyon, digərlərində 50 milyon olaraq göstərilir. 

Rusiyada isə vəziyyət daha maraqlıdır. Burada azərbaycanlıların ümumi sayı bəzi qeyri-rəsmi mənbələrə görə 3 milyona yaxındır və onların əksəriyyəti Azərbaycan dilini aktiv şəkildə qoruyub saxlayır. Rusiyanın rəsmi mənbələri azərbaycanlıların sayını daha az göstərməyə çalışır, ancaq bu ölkədə müvəqətti və daimi qeydiyyatla yaşayan, oranın vətəndaşlığını qəbul edən azərbaycanlıların sayı rəsmi rəqəmlərdə göstəriləndən daha çoxdur.

Türkiyədə həm şərq bölgələrində yaşayan yerli əhali, həm də ölkəyə köçənyüz minlərlə Azərbaycan vətəndaşı bu dili aktiv şəkildə istifadə edir. İğdır, Qars, Ərzurum kimi şəhərlərdə Azərbaycan türkcəsi ana dilidir, İstanbul, Ankara, İzmir kimi metropollarda isə gündəlik ünsiyyət dili kimi yayılıb. Ümumilikdə Türkiyədə Azərbaycan dilini bilənlərin sayı 4–6 milyon arasında qiymətləndirilir.

2014-cü il aparılan siyahıyaalmaya görə, Gürcüstanda 230 min azərbaycanlı var. Amma onların qeyri-rəsmi sayı daha çoxdur. İraqda Kərkük və ətrafında məskunlaşan və Azərbaycan dilində danışan türkman icmasının sayı isə təxminən 200 mindir.

Keçmiş Sovet ölkələridə - Ukrayna. Moldova, Mərkəzi Asiya ölkələrində yaşayan azərbaycanlıların sayı isə yarım milyona yaxındır.

Avropa və Amerikada yaşayan milyonlarla azərbaycanlı da öz ana dilini ailədə, cəmiyyət içində və sosial şəbəkələrdə qorumağa çalışır. Almaniyada, Fransada, Niderlandda, Kanadada, ABŞ-da və digər ölkələrdə yaşayan azərbaycanlılar da öz dillərini unutmayıblar. Bu ölkələrdə Azərbaycan dilində danışanların sayı 1-2 milyon arasında olduğu güman edilir.

Əlavə olaraq, son illərdə qeyri-azərbaycanlılar arasında da Azərbaycan dilinə maraq artıb. Xüsusən türk dünyasıda - Qazaxıstan, Özbəkistan, Türkmənistan və Şimali Kiprdə Azərbaycan musiqisi, serialları və mədəniyyətinin təsiri ilə dilin passiv biliciləri formalaşmaqdadır.

Beləliklə, toplanan rəsmi və qeyri-rəsmi statistik göstəricilər əsasında demək olar ki, dünya üzrə Azərbaycan dilində danışanların ümumi sayı 75–80 milyon nəfərə yaxındır. Bu, onu göstərir ki, Azərbaycan dili artıq təkcə coğrafi sərhədlərlə məhdudlaşmır, o, qlobal mədəniyyət və kommunikasiya vasitəsinə çevrilib.

Bu mənzərə dilimizin gücünü, yaşarlığını və təsir imkanlarını əks etdirməklə yanaşı, onun gələcək nəsillərə ötürülməsi üçün daha çox təşviq, təbliğat və təhsil təşəbbüslərinin vacibliyini də ortaya qoyur. 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü bu baxımdan təkcə bayram yox, həm də çağırış günüdür: dilimizi sevək, qoruyaq və dünyaya tanıdaq!

Modern Təhlil və Araşdırma Qrupu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
98
2
modern.az

3Sources