EN

Arif Babayevi həmişə ustadımız kimi təqdim etmişəm - Gülyanaq Məmmədova 

Əməkdar artist, tanınmış muğam ifaçısı Gülyanaq Məmmədova muğam sənətinin korifeyi Arif Babayevin vəfatı ilə bağlı Modern.az-a danışıb.

O, ustad xanəndənin Azərbaycan muğam sənətində yeri dolmayan bir zirvə olduğunu bildirib:

“Arif müəllim, bütün xanəndələrin ustadıdır. Biz oxumağı, səhnədə olmağı onlardan öyrənmişik, indi də çalışırıq ki, onlardan öyrəndiklərimizi gələcək nəsilə ötürək. Arif Babayev sənəti ilə, ifası ilə, Məcnun rolu ilə ürəklərimizdə dərin iz qoyan sənətkar olub. Onun səhnədə yaratdığı hər bir ifa bir dərs idi, bir məktəb idi”.

Sənətçi ustadın dəfn mərasimində iştirak edə bilməyəcəyini də üzülərək qeyd edib:

“Təəssüf ki, Türkmənistana getdiyim üçün dəfnində iştirak edə bilməyəcəm. Amma mən harada olmuşamsa, Arif müəllimin adını həmişə şərəflə çəkmişəm, onu ustadımız kimi təqdim etmişəm”.

Gülyanaq Məmmədova Arif Babayevin şəxsiyyətinə dair xatirələrini də bölüşüb. Onun sadəliyini, böyüklüyünü və tələbələrinə olan münasibətini xüsusi vurğulayıb:

“Fərqi yoxdur, onun qarşısında oturub-oturmamağın – bütün məclislərimizdə Arif Babayev süfrəmizin başında olub. O, böyük-kiçik tanımadan hamını sayıb, hər kəsə hörmət edib. Gülyazla məni heç vaxt öz tələbələrindən ayırmayıb. Tələbələri ilə çəkilişlər edəndə bizi də həmişə çağırıb”.

“Arif Babayevin vəfatı mədəniyyətimiz üçün böyük itkidir. Həyat belədir – bir gün gələn, bir gün gedir. Amma insan bu dünyadan gedəndə Arif müəllim kimi adlı-sanlı, şöhrətli-şanlı iz qoymalıdır. Bizim üçün o, həmişə yaşayacaq”- deyə o, sonda bildirib.
 

Chosen
10
21
modern.az

10Sources