““ELSCOOTER N1” MMC tərəfindən işçilərin əmək hüquqlarının pozulması faktı ilə bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılıb.
"Unikal" xəbə verir ki, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) şəxsin Qazax rayonu ərazisində müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.
Faktla bağlı Qazax rayon prokurorluğunda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (konktraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə hüquqi şəxsin ünvanına, Səbail Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.
Eyni zamanda Cəmiyyətin direktoru Yusifov Elcan Şahin oğlu barəsində həmin Məcəllənin eyni maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Qazax-Tovuz Regional şöbəsinə göndərilmiş və vəzifəli şəxs müvafiq qərarla 3 min manat məbləğində cərimə edilib.