EN

Deputat: Qərbdə söz azadlığı sadəcə, illüziya və xarici hədəflərə qarşı “soyuq silah”, təzyiq vasitəsidir

Bakı, 1 avqust, AZƏRTAC

ABŞ və Avropa İttifaqının bir-birini söz azadlığı, insan hüquq və azadlıqlarını pozmaqda günahlandırması bəzi reallıqları ortaya çıxarır. Bir daha aydın olur ki, Qərb institutları söz və ifadə azadlığından bəzi ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə edir. Amma Avropa İttifaqı sosial şəbəkələrə qadağan olunmuş kontentlər müəyyənləşdirir. Həmçinin fransız nümayəndələr BMT-də sosial şəbəkələrdə senzuranı dəstəkləyən çıxışlar edirlər. Avropada insanlar öz hökumətini tənqid etdikləri üçün sosial şəbəkələrin fəaliyyəti məhdudlaşdırılır. Hətta tənqidçilərin böyük hissəsi kütləvi şəkildə məsuliyyətə cəlb olunur. Xatırlatmaq yerinə düşər ki, bir neçə il əvvəl ABŞ-ın sabiq prezidenti Co Baydenin oğlunu tənqid etdiyi üçün “New York Post” qəzetinin “X” hesabı bloklanıb. Belə faktlar kifayət qədərdir. Yəni, dünyaya “demokratiya”, “söz azadlığı” öyrədən Qərb ilk fürsətdə özü onu pozur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.

Onun sözlərinə görə, ABŞ Dövlət Departamenti Avropa İttifaqını tənqid edərək, onun internet tənzimləmə qanunlarını “söz azadlığı adı altında senzura” adlandırıb. Maraqlıdır ki, 2024-cü ilin fevralında qüvvəyə minmiş Avropa Rəqəmsal Xidmətlər Aktı axtarış sistemlərini “qanunsuz kontenti” və “dezinformasiya”nı silməyə, həmçinin hakimiyyətə istifadəçilərin sayı haqqında aktual məlumat verməyə məcbur edir. Haqlı sual yaranır: niyə bu cür hallar Avropada “qeyri-qanuni məzmunla mübarizə” adlanır, Azərbaycanda isə “söz azadlığının boğulması”? Təbii ki, bu, ikili standartların göstəricisidir. Almaniya və ya digər Avropa ölkələrində “mühacir bloger” adı altında anti-Azərbaycan fəaliyyəti ilə məşğul olanların hüquqları ən yüksək səviyyədə qorunur, onlara maliyyə dəstəyi göstərilir. Lakin Avropanın özündə bu cür çirkin fəaliyyəti məhdudlaşdıran qanunlar tətbiq olunur. Əksər hallarda Avropa İttifaqı suveren dövlətlərin razılığı olmasa, informasiya məkanında de-fakto transmilli yayım aktoru kimi çıxış edir.

“Eyni zamanda, necə olur ki, “Amnesty International” kimi alət təşkilat ABŞ ilə Avropa İttifaqı arasındakı senzura qarşıdurmasını görmək istəmir, amma Azərbaycanda guya müstəqil medianın qalmadığını iddia edir. Bir sözlə, hər nə qədər Avropa İttifaqı rəsmiləri ifadə azadlığının Avropa dəyərlərinin əsasında dayandığını iddia etsələr də, fakt faktlığında qalır - Qərbdə söz azadlığı, sadəcə, illüziya və xarici hədəflərə qarşı “soyuq silah”, təzyiq vasitəsidir”, - deyə deputat əlavə edib.

Chosen
10
1
azertag.az

2Sources