EN

Ali məktəblərdə plan yerlərinin azaldılması artıq qaçılmazdır MÜNASİBƏT BİLDİRİLDİ

ain.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Son illərdə ixtisas və ixtisaslaşma üzrə əmək bazarındakı tələb və təklif arasında ciddi disbalans müşahidə olunur. Bu isə həm işəgötürənlərlə iş axtaranlar arasında əlaqəni çətinləşdirir, həm də gənclərin gələcək üçün planlarını sual altına salır". Bunu repetitor müəllim Səbuhi Kamal SİA-ya açıqlamasında əmək bazarındakı real problemlərdən danışarkən deyib.

"Əmək bazarında iş yerlərinin az olması, eyni zamanda əmək haqlarının yetərincə yüksək olmaması işçi qüvvəsinin motivasiyasını zəiflədir. Bununla yanaşı, işəgötürənlər də kifayət qədər ixtisaslı kadr tapmaqda çətinlik çəkirlər. Ən ciddi səbəblərdən biri kompüter və dil biliklərinin zəif olmasıdır. Təəssüf ki, bir çox gənclər müasir tələblərə uyğun texniki və dil bacarıqları ilə silahlanmadan əmək bazarına çıxırlar", – deyə Səbuhi Kamal bildirib.

O vurğulayıb ki, ali təhsil müəssisələrində tədris olunan ixtisaslar çox vaxt əmək bazarının real ehtiyaclarına uyğun gəlmir: “Universitetlərdə hər il yüzlərlə tələbə müəyyən bir ixtisas üzrə məzun olur, lakin həmin ixtisas üzrə ölkədə tələb olunan real iş yerlərinin sayı dəfələrlə azdır. Bu da işsiz məzunların sayını artırır və nəticədə gənclər ya təhsillərinə uyğun olmayan sahələrə yönəlməyə, ya da ölkədən köç etməyə məcbur qalırlar".

O, konkret misal da göstərib: “Məsələn, bu il tarix müəllimi olmaq istəyən 6000 nəfər imtahanda iştirak edib. Onlardan 2000 nəfəri seçim mərhələsinə keçib. Lakin vakant yerlərin sayı bu göstəricidən 10 dəfə azdır. Bu isə gənclərin əməyi və ümidlərinin boşa çıxması deməkdir".

Səbuhi Kamalın fikrincə, bu problemə son qoymaq üçün ilk növbədə ali məktəblərdə bəzi ixtisaslar üzrə plan yerlərinin sayına yenidən baxılmalı, əmək bazarının ehtiyacları nəzərə alınmalıdır: “Əgər hər il bir ixtisas üzrə 1000-dən çox tələbə universiteti bitirirsə, gərək araşdırılsın ki, həmin il bu ixtisas üzrə neçə iş yeri mövcuddur? Əgər uyğunluq yoxdursa, bu, həm tələbənin, həm də dövlətin resurslarının səmərəsiz istifadəsinə səbəb olur".

Ekspert əlavə edib ki, bu məsələyə sistemli yanaşmaq lazımdır: “Təhsil sistemi ilə əmək bazarı arasında ciddi koordinasiya yaradılmalıdır. Əmək bazarının dinamikası hər il analiz olunmalı, ona uyğun ixtisaslar üzrə qəbul planı tənzimlənməlidir. Əks halda, işsiz məzunlar ordusu ildən-ilə daha da çoxalacaq".

Müəllif: Fatimə Əliyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
1
1
sia.az

2Sources