EN

Ədalət üçün səhnədən meydana: Gülbenin dərs verdiyi susqun məşhurlar

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Türkiyəli sənətçi Gülben Ergen, Bakırköy Meydanında keçirilən bir aksiyada qətlə yetirilən gənc Mattia Ahmet Minguzzinin anası Yasemin Minguzziyə dəstək oldu. O, sadəcə bir müğənni deyil, eyni zamanda cəmiyyətin vicdanına toxunan addım atdı. Gülben, ana fəryadını yalnız buraxmadı. Ədalət axtaran bir qadının yanında dayandı. Təkcə meydanda yox, sosial mediada da səsini yüksəltdi. Və bir çoxlarının səsi oldu.

hadisə Türkiyədə cəmiyyətin müxtəlif təbəqələrindən böyük rezonans doğurdu. İnsanlar bu ədalətsizliyə qarşı birlik nümayiş etdirdi. Bir qadının yaşadığı faciəyə başqa qadınlar, sənətçilər, jurnalistlər, sadə insanlar da şərik çıxdı.

Bəs Azərbaycanda belə hadisələr olanda nə baş verir?

Gözümüzün önündə qadınlar döyülür, öldürülür, yoxa çıxır, bəzən uşaq yaşda qurban verilir. Amma məşhur simalar sənətçilər, aparıcılar, influencerlər, hətta özünü “sosial məsuliyyətli” adlandıran tanınmışlar səssiz qalır.

Sanki bu məsələlərə qarışmaq imiclərinə xələl gətirər. Halbuki cəmiyyətin tanıdığı hər bir şəxs bu tip hadisələrdə susanda, susduğu cinayətə ortaq olur. Qadın zorakılığı, uşaq istismarı, sosial ədalətsizlik bunlar sadəcə xəbər başlıqları deyil, ictimai vicdan sınağıdır.

Gülben Ergen öz mövqeyini göstərdi. “Mən sənə inanıram, sənin yanındayam” deməyi bacardı. Bu, bir sənətçinin, bir qadının, bir ananın gücüdür.

Bizimkilər isə ancaq konsert anonsu, sponsorlu paylaşımlar və ya “xoşbəxt həyat” estetikası ilə məşğuldur. Cəmiyyət yanarkən məşhurlar öz brendindən danışır.

Ədalət axtarışında olan bir insan üçün bir məşhurun paylaşımı, bir cümləsi bəzən minlərlə insanın səssizliyindən daha dəyərlidir. Bu, onun tək olmadığını hiss etdirməkdir. Əgər sən milyonlara səslənə bilirsənsə, bu səsi yalnız reklam üçün yox, insanlıq üçün də istifadə etməlisən.

Gülben Ergen bir daha göstərdi ki, səhnədə parıldamaq yetmir. İnsanın həqiqi dəyəri həyatın ən qaranlıq nöqtələrində kimə necə işıq tutduğudur.

Bəlkə bizdə də bir gün məşhurlar şəkil çəkdirmək üçün yox, şəfaət etmək üçün bir araya gələr. O günə qədər isə susanlar da, susdurulanlar qədər məsuldur.

Leyla Mirzə, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
41
1
bizimyol.info

2Sources