EN

Ulu Öndər Heydər Əliyev: "Fəxr edə bilərik ki,bizim zəngin,böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var."



Ulu Öndər Heydər Əliyev həm də dilimizin böyük hamisi və qayğıkeşi idi. 1970-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq böyük cəsarət tələb edirdi. Hətta milli respublikaların rəhbərləri belə ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o dövrdə Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə və qətiyyətlə bildirmişdi. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə İmadəddin Nəsiminin 600 illik yubileyi beynəlxalq miqyasda qeyd edildi. Həmin ildən başlayaraq Nəsiminin dilinə dair xeyli sayda tədqiqat işi aparıldı. Məhz o vaxtdan etibarən Nəsimi yaradıcılığı Azərbaycan və dünya mədəniyyəti miqyasında bir daha tanıdıldı. Müstəqillik illərində də Ulu Öndər Heydər Əliyevin apardığı məqsədyönlü və gələcəyə yönəlmiş dövlət quruculuğu siyasətində dil məsələsi hər zaman aparıcı olmuşdur. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin böyük əksəriyyətində ana dilimizin “Azərbaycan dili” adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması istiqamətində fəaliyyət daha da gücləndirilmişdir. Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf mərhələsində yaranmış vəziyyəti nəzərə alaraq, 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı ardıcıl və uğurlu dövlət quruculuğu siyasətində də ana dilinin qorunması və zənginləşdirilməsi məsələləri daim önəmli yer tutmuşdur. Bunu ölkə Prezidentinin Azərbaycan dili ilə bağlı imzaladığı silsilə sərəncam və fərmanlar, eləcə də müxtəlif tədbirlərdə səsləndirdiyi qiymətli fikirlər sübut edir. Ölkə başçısı cənab İlham Əliyev dilimizə böyük sevgi, diqqət və qayğının bariz ifadəsi olaraq demişdir:
“Əsrlər boyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir — Azərbaycan dilidir. Azərbaycan dilinin qorunması hamımızın vəzifəsidir.”
Göründüyü kimi, istər Ulu Öndər Heydər Əliyev, istərsə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ana dilimizin hərtərəfli inkişafı, tətbiq dairəsinin genişlənməsi və saflığının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirmişlər. Ədəbi dilin saflığının qorunması hər birimizdən asılıdır, çünki dilin daşıyıcısı xalqdır və dil xalqın ən böyük mənəvi sərvətlərindən biridir. Məhz buna görə də varlığımız və kimliyimiz olan dilimizin saflığını qorumaq hər birimizin vətəndaşlıq borcudur.

Fənar Qənbərova
YAP Laçın rayon təşkilatının fəalı
Laçın rayon Ədalət Məmmədov adına Zabux kənd orta məktibində müəllim



Chosen
14
aia.az

1Sources