Hazırda bp şirkəti ilə Cəbrayılda ilkin investisiya dəyəri 200 milyon dollar olan və 240 meqavat (MVt)gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası (GES), eləcə də hər biri 50 MVt gücündə olmaqla “Üfüq” və “Şəms” GES layihələrinin tikintisi üzrə çox intensiv işlər həyata keçirilməkdədir.
Bu sözləri Trend-ə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev müsahibəsində deyib.
O bildirib ki, artıq bütün müqavilələr imzalanıb, torpaq sahələri bəllidir, şəbəkə ilə bağlı məsəsələr bizim üçün tam aydındır və onların həyata keçirilməsi istiqamətində gündəlik rejimdə işlər davam etdirilir: "Təqribən 2027-ci ilin sonunadək bu stansiyaların istismara verilməsi planlaşdırılır.
Eyni zamanda Səngəçal terminalının elektrikləşdirilməsi üzrə də zəruri infrastruktur yaradılır. Bütün müqavilə bazası artıq yekunlaşıb. Bu, kifayət qədər mürəkkəb bir proses idi. Bu mürəkkəb prosesin uğurla başa çatması real iqtisadi modellərin və layihələrin səmərəliliyinin düzgün təhlili nəticəsində mümkün olub”.
C. Abdullayev qeyd edib ki, Laçın ərazisində külək enerjisi ilə bağlı ölçmələr aparılır: “Biz planlaşdırırıq ki, bu ilin sonunadək banklar tərəfindən qəbul ediləcək məlumatlara sahib olacağıq. Ondan sonra investorlara həmin məlumatları təqdim edəcəyik. Təbii ki, müxtəlif şirkətlər tərəfindən həmin ərazimizdə külək enerjisi istehsalı ilə bağlı maraq çox böyükdür. Hətta COP29-da imzaladığımız müqaviləyə uyğun olaraq, Kəlbəcərdə külək enerjisi istehsalı layihəsi çərçivəsində birgə müəssisə təşkil edilib. Həmin birgə müəssisə özü artıq Kəlbəcərdə ölçmələrə start verib. Bir il ərzində ölçmələrin yekunlaşacağı gözlənilir. Daha sonra layihə təklifləri irəli sürüləcək”.