EN

Nazirlik “Texnolgiya” fənni üzrə imtahan keçirib, lakin vakansiya yoxdur MÜƏLLİMLƏR NARAZIDIR FOTO YENİLƏNİB

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Avtosfer.az-a verdiyi məlumatda bildirilir ki, müvafiq sistemdə texnologiya fənni üzrə vakansiyalar mövcuddur:

"Hazırda vakansiyalar yalnız həvəsləndirmə tədbirləri tətbiq olunan müəssisələr üzrə təqdim olunur. Əgər şəxsi səhifədə hər hansı vakansiya əks olunmayıbsa, bu, namizədin faktiki yaşayış yeri üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan müəssislər üzrə hazırda vakansiya olmadığı anlamına gəlir. Qeyd edirik ki, avqustun 6-da MİQ üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə start veriləcək. Həmin tarixdən etibarən namizədlər bütün ölkə üzrə təqdim edilən vakansiyalarla tanış ola biləcəklər".

***

31.07.2025

***

2025-ci il üzrə müəllimlərin işə qəbulu (MİQ) imtahanları ilə bağlı narazılıqlar səngimir. Bu dəfə "Texnologiya" fənni üzrə ixtisaslaşmış müəllimlər ciddi etirazla çıxış ediblər. Şikayətçilər bildirirlər ki, builki imtahanlarda “Texnologiya” fənninin tədrisi üçün bir dənə də olsun vakant yer ayrılmayıb. Bu hal ixtisaslı müəllimlər arasında haqlı narazılıq yaradıb.

Avtosfer.az-a daxil olan məlumata görə, onlarla "Texnologiya" müəllimi Elm və Təhsil Nazirliyinə kollektiv müraciət edərək narazılıqlarını rəsmi şəkildə ifadə ediblər. Müraciətdə qeyd olunur ki, “Texnologiya” fənninin illərlə tədris olunmasına baxmayaraq, 2025-ci ildə bu fənn üzrə heç bir vakansiyanın göstərilməməsi yalnız "Texnologiya" müəllimlərinə deyil, bütövlükdə ölkənin təhsil sisteminə mənfi təsir göstərə bilər.

Mövzu ilə bağlı “Texnologiya” müəllimi Dinana Həsənova saytımıza açıqlamasında bildirib ki, bu fənn müasir dövrün tələblərinə cavab verən, şagirdlərdə əmək vərdişləri, yaradıcılıq, texniki və analitik düşüncə bacarıqları formalaşdıran mühüm fəndir:

“Belə bir fənnin tamamilə görməzdən gəlinməsi ixtisasımıza qarşı açıq hörmətsizlikdir. Mənim imtahan zamanı yüksək bal toplayan tələbələrim olub. Bəs onlar nəyə görə bu qədər əziyyət çəkiblər, əgər onsuz da vakansiya verilməyəcəkdisə? Biz müəllimlər olaraq bu məsələnin tezliklə həllini istəyirik”.

Digər müəllimlər də məsələ ilə bağlı münasibət bildirirək, konkret ballar və real faktlarla vəziyyətə aydınlıq gətiriblər:

İmtahan nəticələri üzrə Respublika birincisi olan Aytac Abbasova deyir ki, “Texnologiya” müəllimliyi ixtisası üzrə ali təhsil almış və 2025-ci il MİQ imtahanında iştirak edib.

“Respublika və yaşadığım şəhər üzrə ixtisasımda 1-ci sırada olan namizəd kimi bu il bir dənə də olsun vakansiyanın elan olunmaması məni ciddi narahat edir. Müəllim ehtiyacının olduğu halda bu sahənin nəzərə alınmaması, illərlə zəhmət çəkmiş məzunlar üçün açıq ədalətsizlikdir.”

Zərbəyim Quliyeva imtahanda 85.75 bal topladığını və öz ixtisasını sevdiyini qeyd edib:

“Bu qədər bal toplasam da, heç bir vakansiya təqdim olunmadı. Əgər yerlər əvvəlcədən dolu idisə, bu barədə vaxtında məlumat verilməli idi. Bu, müəllimlərin hüquqlarının tapdanmasıdır”.

İmtahanda 84.25 bal Mənsiyə Səmədova deyir ki, vakansiyaların ayrılmaması “Texnologiya” fənnini tədris edən bu qədər müəllimə hörmətsizlikdir:

“Heç bir vakansiya olmaması məni ruhdan saldı. Ötən il müddətli müqavilə ilə və yerdəyişmə ilə çıxarılan yerlər hara yoxa çıxdı? Bu qədər insanın zəhməti niyə yerə vurulur?”

Gülşən Məmmədova da imtahanda yüksək nəticə toplayıb -62 bal:

“İxtisasım üzrə vakansiya elan olunmaması mənim kimi yüzlərlə məzuna qarşı haqsızlıqdır. Əgər ehtiyac yoxdursa, universitetlərdə bu ixtisas niyə hələ də mövcuddur? Ədalətli bölgü tələb edirik.”

Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) sorğu göndərdik lakin heç bir cavab ala bilmədik. Qurumdan hansısa cavab verilsə, xəbərə əlavə ediləcək.

Fidan

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
17
avtosfer.az

1Sources