EN

Millətin ruhu, dövlətin səsi: Ana dilimiz himn, gerb, bayraq kimi müqəddəsdir

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Hər bir xalqın dili onun mədəniyyətinin, tarixinin və kimliyinin ən vacib təməl daşlarından biridir. Fərqli xalqların dilləri onların tarixindən, yaşayış tərzindən və düşüncə dünyasından əks-səda verir. Bütün bunlarla yanaşı dil bir millətin özünü ifadə etməsinin, irsini gələcək nəsillərə çatdırmasının yeganə yoludur".

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

O bildirib ki, ümummilli lider Heydər Əliyevin qətiyyəti ilə sovet dövründə Azərbaycan dili dövlət dili statusu alıb:

"Xalqın dilindəki sözlər, deyimlər, mülahizələr və ifadələr onun düşüncəsini, intellektini, həyat tərzini və mənəvi dünyasını ortaya qoyur. Bu baxımdan dil "bir millətin ruhudur" desək, yanılmarıq. Ona görə, ana dilini və eyni zamanda dilin saflığını qorumaq, xalqın mədəniyyətini və gələcəyini qorumaq deməkdir".

"Bir dilin xalqın həyatında hansı rola malik olduğunu sovet dövlətinin ideoloqları da yaxşı bilirdilər. Ona görə də sovet rejimi xalqların milli dəyərlərinə qənim kəsilərkən ilk növbədə onların dillərini hədəfə almış, ana dilində danışığın məhdudlaşdırılması ilə bağlı yazılmamış qaydalar müəyyən etmişdi. Məsələn, dövlət idarəetməsində ünsiyyətin, rəsmi yazışmaların yalnız rus dilində olması məcburi idi. Ona görə SSRİ dövründə milli respublikalarda ana dili məsələlərinin gündəmə gətirilməsi böyük risk tələb edirdi. Sovet rəhbərliyi xalqların öz dillərinə xüsusi maraq göstərmələrinə isti yanaşmırdı. Bu baxımdan, dillə bağlı sovet stereotiplərindən kənara çıxmaq təhlükəli idi. Yalnız Heydər Əliyev kimi öz xalqının milli dəyərlərinə bağlı olan dahi şəxsiyyətlər sovet ideologiyasının hakim olduğu bir şəraitdə böyük cəsarətlə ana dili məsələlərini gündəmə gətirə bilərdilər", - parlamentari vurğulayıb.

S.Salmanova qeyd edib ki, Heydər Əliyev sovet ideologiyasının hakim olduğu bir tarixi dövrdə xalqımızın milli-mənəvi irsinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi ilə bağlı əlindən gələni edərək, bütün imkanları səfərbər etmişdi:

"O illərdə bu, olduqca təhlükəli olsa da, Heydər Əliyev Azərbaycan xalqının özünəməxsus dəyərlərini yad təsirlərdən, manqurtlaşmadan xilas etmək böyük qətiyyət nümayiş etdirmiş, milli düşüncə sahibi olduqlarına görə təqib edilən ziyalıları cəsarətlə qorumuşdu. Heydər Əliyevin rəsmi tədbirlərdə Azərbaycan dilində çıxışlara üstünlük verməsi onun respublikamıza birinci rəhbərliyi dövrünün əsas siyasi-ictimai hadisələrindən biridir. Eləcə də məhz Heydər Əliyevin qətiyyəti ilə sovet dövründə respublikamızda rəsmi dilin Azərbaycan dili olması konstitusion səviyyədə təsbit edilmişdi. Belə ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına "Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir" maddəsi əlavə olunmuşdu".

"Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dilindən cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində daha geniş istifadə edilməyə başlamış, onun dövlət dili kimi maneəsiz inkişafı üçün münbit zəmin yaranmışdı. Bu sahədə yeni keyfiyyət mərhələsi isə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildikdən sonra başladı. Məlumdur ki, müstəqil Azərbaycanın ilk Konstitusiyasının layihəsinə baxılarkən dövlət dili, daha doğrusu dövlətin dilinin adı haqqında müddəa geniş müzakirə obyekti olmuşdu. Bu məsələ konstitusiya layihəsini hazırlayan komissiyada, kütləvi informasiya vasitələrində, müxtəlif elmi forumlarda, yığıncaqlarda, idarə, təşkilat və müəssisələrdə sərbəst, demokratik şəraitdə hərtərəfli müzakirə edilmiş və 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilən Konstitusiyada respublikamızın dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdı.

Dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq, ulu öndər Heydər Əliyev 2001-ci il iyunun 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman imzalamışdır. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Sözügedən Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı.

Heydər Əliyevin "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" 9 avqust 2001-ci il tarixli Fərmanına əsasən isə hər il avqust ayının 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir", - müsahibimiz əlavə edib.

Deputat ulu öndərin Azərbaycan dili ilə bağlı fikirlərini də xatırladıb:

"Müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik".

Prezident İlham Əliyev tərəfindən Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi ilə bağlı imzalanan sənədlər də göstərir ki, Heydər Əliyevin bu sahədə əsasını qoyduğu işlər davam etdirilir, o cümlədən ulu öndərin tövsiyələri və ideyaları həyata vəsiqə alır. Azərbaycan Prezidentinin təsdiq etdiyi "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı", habelə dövlətimizin başçısının "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 2018-ci il 17 iyul tarixli sərəncamı, "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 1 noyabr 2018-ci il tarixli fərmanı ana dilinə, dilçiliyin inkişafına dövlət qayğısının bariz nümunələridir. Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dili dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir".

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
32
oxu.az

1Sources